“Naxçıvanda yeni nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə infrastruktur, kənd təsərrüfatı və turizm sahələrində böyük imkanlar yaranacaq. Böyük Britaniya şirkətlərinin bu prosesdə iştirakını istəyirik”.

Metbuat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında Naxçıvanın inkişaf perspektivləri və yeni nəqliyyat dəhlizi ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfir qeyd edib ki, ABŞ-nin təşəbbüsü ilə irəli sürülən layihəni Böyük Britaniya dəstəkləyir və bu çərçivədə Britaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları mövcuddur.

“Bir neçə həftə əvvəl Naxçıvana səfərimin əsas məqsədi Britaniya şirkətlərinin infrastruktur layihələrində iştirak imkanlarını araşdırmaq idi. Eyni zamanda, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq perspektivlərini də nəzərdən keçirdik”.

Dunkan Norman Naxçıvanın böyük inkişaf potensialına malik olduğunu vurğulayıb:

“Naxçıvan artıq çox gözəl şəhər və məkandır. Əsas məsələ yeni nəqliyyat dəhlizi fəaliyyətə başladıqdan sonra yaranacaq imkanlara necə hazırlaşmaqdır. Yeni dəhliz vasitəsilə nəqliyyat axınının artması region üçün əlavə iqtisadi imkanlar yaradacaq”.

Diplomatın sözlərinə görə, Böyük Britaniya Naxçıvanın gələcək inkişafında iştirak etməkdə maraqlıdır:

“Naxçıvanda real imkanlar mövcuddur. Mən çox ümid edirəm və istəyirəm ki, Böyük Britaniya bu regionun uğurlu gələcəyinin bir hissəsi olsun”, - deyə səfir vurğulayıb.