Böyük Britaniya Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək. Bu dəstək keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasını təmin etmək məqsədi daşıyır.
Metbuat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.
Diplomat xatırladıb ki, noyabrın 12-də Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Onun sözlərinə görə, bu tərəfdaşlığın üstünlüklərinin ölkənin bütün bölgələrində yaşayan insanlara çatması vacibdir.
“Bizim diqqətimiz yalnız Bakı ilə məhdudlaşmayıb. Əvvəlki görüşümüzdə də bildirmişdim ki, mən təkcə Bakının deyil, bütün Azərbaycanın səfiriyəm. Tərəfdaşlığımızın faydalarının ölkənin bütün bölgələrində hiss olunmasını vacib hesab edirəm”.
Dunkan Norman sentyabr ayında Qarabağa səfərindən də danışaraq, bölgədə bərpa və quruculuq işlərinin sürətindən təsirləndiyini bildirib.
O qeyd edib ki, bu prosesə Britaniya mütəxəssisləri də töhfə verir. Belə ki, "Chapman Taylor" şirkəti Şuşa, Xankəndi, Ağdam və Füzulidə həyata keçirilən layihələrdə iştirak edir.
Səfir xatırladıb ki, Böyük Britaniya 2020-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verən ilk ölkə olub:
“Böyük Britaniya 2020-ci ildə ANAMA-ya dəstək verən ilk ölkə olmaqdan qürur duyur. Keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün minatəmizləmə səylərinə dəstəyimizi davam etdirəcəyik”.