Noyabrın 13-də Bakıda ölkənin innovasiya və texnologiya sahəsindəki tədbirlərindən biri olan II Süni İntellekt Zirvəsi (AI Summit 2026) keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə dövlət və özəl sektor nümayəndələri, beynəlxalq şirkətlərin rəhbərləri, süni intellekt üzrə mütəxəssislər və sahibkarlar daxil olmaqla 300-dən çox şəxs iştirak edib. Zirvə çərçivəsində süni intellektin biznesə tətbiqi, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və texnologiyaların əmək bazarına təsiri müzakirə olunub.
Açılış mərasimində çıxış edən "Facemark"ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznes proseslərinə inteqrasiyasının əhəmiyyətindən danışıb. Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov regional əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Tədbirdə AKTA-nın icraçı direktoru Rauf Cabarov və "Cyberpoint" şirkətinin direktoru Elvin Balacanov kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmə məsələlərinə toxunublar.
Zirvə çərçivəsində iki əsas panel müzakirəsi keçirilib. "Azerconnect Group"un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə təşkil olunan "Süni İntellektin gələcəyi" panelində "Microsoft"un Principal Cloud Advocate-i Lee Stott, "Prodware"in süni intellekt və avtomatlaşdırma üzrə arxitektoru David Lorenzo López və "SHI International Corp"un Digital Workplace və AI Solutions üzrə meneceri Rəfsan Hüseynov iştirak ediblər.
Müzakirələr zamanı süni intellekt sahəsində qlobal trendlər, beynəlxalq təcrübə və texnoloji arxitekturanın inkişaf perspektivləri nəzərdən keçirilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün moderatorluğu ilə keçirilən "İnsan və Süni İntellekt" adlı Davos formatlı sessiyada isə texnoloji dəyişikliklərin təhsil sisteminə və əmək bazarına təsiri müzakirə olunub.
Sessiyada bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil layihələri üzrə direktoru İnarə Vəliyeva və "Nextool.ai"ın baş direktoru Cəfər Nəcəfov çıxış ediblər.
Panel müzakirələri ilə yanaşı, tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə 11 praktiki masterklas və ixtisaslaşmış sessiya təşkil olunub. "Microsoft", "Azercell Telekom", "Azerconnect Group", "Logo Business Solutions", "Lambda Labs", "Start IT", "AIWorks", "Code Academy", "Handex", "Spark AI Technologies", "Arter", "Hazar Human Capital Studio" və Xəzər Universitetinin mütəxəssisləri bu sessiyalarda iştirak ediblər.
Masterklaslar "Şuşa", "Ağdam", "Füzuli", "Qubadlı", "Tərtər" və "Laçın" zallarında keçirilib.
Tədbirin sonunda iştirakçılar arasında keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb, zirvənin spikerlərinə plaketlər təqdim olunub. Proqram "Kahoot" yarışının final mərhələsi ilə başa çatıb.