Göyçay rayonunun Yenikənd kəndində Vətən müharibəsi şəhidi Azad Kərimlinin anım mərasimi keçirilib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasim kənd qəbiristanlığında şəhidin məzarı önündə təşkil olunub. Tədbirdə din xadimləri, ictimaiyyət nümayəndələri, Göyçay şəhid ailələrinin üzvləri, kənd sakinləri, məktəblilər, şəhidin ailəsi və yaxınları iştirak ediblər.
Çıxış edənlər Azad Kərimlinin həyat və döyüş yolundan, Vətənə bağlılığından danışıblar. Bildirilib ki, onun kimi igidlərin fədakarlığı Azərbaycanın Zəfər tarixinin unudulmaz səhifələrindəndir.
Kərimli Azad Elşad oğlu 1997-ci il fevralın 6-da Yenikənd kəndində anadan olub. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılıb.
Sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü manqa atıcısı kimi iştirak edib və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə vuruşub. Oktyabrın 16-da Tərtər-Ağdərə istiqamətində artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Noyabrın 17-də doğulduğu Yenikənd kəndində dəfn edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Azad Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.