ABŞ-də binanın damına yerləşdirilən məktəb avtobusu maraq doğurub.

Metbuat.az "Sözçü" qəzetinə istinadən xəbər verir ki, Missuri ştatının Sent-Luis şəhərində yerləşən “City Museum”un damındakı sarı avtobus qeyri-adi görünüşü ilə diqqət çəkir. Həqiqi məktəb avtobusu binanın kənarından çölə doğru uzanacaq şəkildə quraşdırılıb. Hündürlükdə boşluğa doğru çıxan nəqliyyat vasitəsi onu görənlərdə təəccüb yaradır. Məlumata görə, xüsusi konstruksiya ilə binaya bərkidilən avtobusun içərisinə daxil olmaq və buradan şəhər mənzərəsini izləmək mümkündür. Bu qeyri-adi qurğu muzeyin köhnə əşyaları yenidən istifadəyə vermək konsepsiyasının bir hissəsidir. Bildirilir ki, ənənəvi muzeylərdən fərqli olaraq, “City Museum” ziyarətçilərə müxtəlif qurğuların içərisində gəzmək, tunellərdən keçmək və fərqli məkanları kəşf etmək imkanı yaradır. Keçmiş ayaqqabı fabrikində yaradılan məkanda nəhəng sürüşkənlər, metal keçidlər və müxtəlif konstruksiyalar da var. Rəssam Bob Kassillinin təşəbbüsü ilə formalaşdırılan muzeydə istifadədən çıxmış əşyalar yeni funksiyalar qazanıb.

Damdakı məktəb avtobusu da uzun illərdir muzeyin ən məşhur simvollarından biri hesab olunur. Xüsusilə foto çəkdirmək istəyən turistlər bu qeyri-adi qurğuya böyük maraq göstərirlər.