ABŞ-nin sabiq prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl apardığı telefon danışığının təfərrüatlarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Bayden bu barədə “Promise Me, America” (“Mənə söz ver, Amerika”) adlı yeni memuarında yazıb.
Sabiq prezidentin sözlərinə görə, 2021-ci il dekabrın 7-də Putinlə telefon danışığı apararaq Rusiyanın mümkün hərbi əməliyyatının nəticələri barədə xəbərdarlıq edib.
Bayden bildirib ki, Moskvanı sərt sanksiyaların tətbiqi və Kiyevə hərbi yardımın genişləndirilməsi ilə bağlı xəbərdar edib.
“Dekabrın 7-də ona zəng etdim və yerdəki vəziyyəti diqqətlə izlədiyimizi bildirdim. O, həmişəki kimi müəmmalı danışırdı. Mən isə fikrimi açıq ifadə etdim”, - Bayden memuarında yazıb.
Onun sözlərinə görə, Putin xəbərdarlıqlara sadəcə çiyinlərini çəkməklə reaksiya verib. Bu davranış isə sabiq ABŞ prezidentini qəzəbləndirib.
Bayden memuarında Rusiyanın ABŞ üçün əhəmiyyətinə də toxunub. O etiraf edib ki, Rusiya Vaşinqtonun onun maraqlarını nəzərə almadan münasibət qura biləcəyi qədər əhəmiyyətsiz ölkə deyil.
Sabiq prezidentin fikrincə, Rusiyanın “Böyük səkkizlik”dən (G8) çıxarılmasından sonra Moskva ilə dialoqu davam etdirmək xeyli çətinləşib.