Alimlər gündəlik istifadə olunan bir çox məhsulun insan sağlamlığı üçün ciddi risk yarada biləcəyini açıqlayıblar.
Metbuat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı yeni hesabatda hormon sisteminə təsir edən kimyəvi maddələrin yaratdığı təhlükələrə diqqət çəkilib.
Bildirilib ki, bu maddələr plastik məmulatlarda, kosmetik vasitələrdə, dərman preparatlarında, oyuncaqlarda, məişət əşyalarında, elektron cihazlarda və pestisidlərdə mövcuddur.
Hesabata əsasən, sözügedən kimyəvi maddələrin təsiri ilə bağlı elmi sübutlar son illərdə daha da güclənib. Onların insan orqanizminə qida, dəri və tənəffüs yolları vasitəsilə daxil olması mümkündür.
Mütəxəssislər bildirirlər ki, xüsusilə hamiləlik dövründə və erkən uşaqlıq mərhələsində bu maddələrə məruz qalmaq beyin inkişafına, idrak qabiliyyətinə və davranışa mənfi təsir göstərə bilər.
Araşdırmada həmin kimyəvi maddələrin xərçəng, ürək-damar xəstəlikləri, piylənmə, ikinci tip diabet, qaraciyər və reproduktiv sistem problemləri ilə əlaqəsi də qeyd olunub.
Hesabatda diqqət çəkən digər məqam isə iqtisadi itkilərlə bağlıdır. Kimyəvi maddələrin təsiri nəticəsində yaranan sağlamlıq problemlərinin qlobal miqyasda illik iqtisadi xərcinin 1,1 trilyon dolları ötdüyü hesablanıb. Bu məbləğə ətraf mühitə və biomüxtəlifliyə dəyən zərər daxil deyil.
Mütəxəssislər təhlükəli kimyəvi maddələrin istifadəsinə nəzarətin gücləndirilməsini, məhsulların daha ciddi yoxlanılmasını və xüsusilə uşaqların, hamilə qadınların bu təsirlərdən qorunmasını vacib hesab edirlər.
Qeyd edək ki, dünyada istehsal və istifadə üçün qeydiyyata alınmış 350 mindən çox kimyəvi maddə və qarışıq mövcuddur. Hesabatda onların böyük əksəriyyətinin hormon sisteminə təsiri baxımından qiymətləndirilmədiyi vurğulanıb.
Mənbə: Associated Press