Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada rusdilli əhalinin hüquqlarının bərpası və ayrı-seçkilik xarakterli qanunların ləğvi ilə bağlı tələblərin alver mövzusuna çevrilə bilməyəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin icrasından gedir. Buna görə də Ukraynada rus dilinin hüquqlarının bərpası məsələsinin münaqişənin tam həllinədək təxirə salınması təklifləri anlaşılmazdır.

“Etiraf edim ki, BMT Nizamnaməsinin bütün ölkələrə şamil olunan tələblərinin niyə alver predmetinə çevrilmək istənildiyini heç cür anlaya bilmirəm”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Donetsk Xalq Respublikasından olan senatoru Aleksandr Voloşin Ukraynada rus dilinin elita üçün imtiyaza çevrildiyini, bu dildən istifadəyə görə cəzanın isə əsasən sadə vətəndaşlara şamil olunduğunu iddia edib.