Çinin Beihang Universitetinin alimləri saç tökülməsinə qarşı “Detangle” adlı bioelektron daraq hazırlayıblar. Təcrübələrdə cihazın iki eksperimental müalicə vasitəsi ilə birlikdə tətbiqi siçanlarda 28 gün ərzində tüklərin 97,85 faizini bərpa edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında dərc olunan elmi araşdırmada bildirilib.

“Detangle” müxtəlif uzunluqda dişlərə, elektrodlara və dərman maddələri üçün xüsusi bölmələrə malikdir. Saç dərisi üzərində hərəkət etdirildikdə cihaz impuls elektrik sahəsi yaradır və müalicəvi maddələrin dəriyə, saç köklərinə daha dərindən nüfuz etməsinə kömək edir.

Tədqiqatçılar cihazı qan damarlarının inkişafını stimullaşdıran VEGFA geni (plazmid şəklində) və saç köklərini kiçildən hormonun sintezini dayandıran SRD5A2 siRNA molekulu ilə birlikdə sınaqdan keçiriblər. Müalicə hər üç gündən bir tətbiq olunub.

Nəticələrə görə, yalnız elektrik stimulyasiyası təxminən 40 faiz, finasterid 50 faiz, minoksidil isə 70 faiz bərpa göstəricisi verib. Darağın hər iki eksperimental maddə ilə birlikdə tətbiq edildiyi qrupda bu göstərici 97,85 faizə çatıb.

Alimlərin sözlərinə görə, cihazın yaratdığı elektrik sahəsi müalicəvi maddələri saç kökləri ətrafındakı toxumalara adi yerli tətbiqlə müqayisədə təxminən 9 dəfə daha dərinə çatdırır.

Qeyd edək ki, tədqiqat hələlik yalnız siçanlar üzərində aparılıb. Nəticələrin insanlarda təkrarlanacağına dair sübut yoxdur. Cihazın və istifadə olunan eksperimental maddələrin insanlarda təhlükəsizliyi və effektivliyi klinik sınaqlarla yoxlanılmalıdır.