Xəbər verildiyi kimi, 2027-ci ilin dövlət büdcəsində gəlir və xərclərin 2026-cı illə müqayisədə 1,7 faiz, sosialyönümlü xərclərin isə 9,2 faiz artırılması nəzərdə tutulur.
İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında sosial xərclərin ümumi xərclərdən sürətli artımını dövlətin bu istiqamətə diqqətinin güclənməsi kimi qiymətləndirib.

Fotoda: iqtisadçı Eldəniz Əmirov
“2027-ci ilin dövlət büdcəsində sosial təyinatlı xərclərin artım tempi ümumi xərclərin artım tempini üstələyir. Bu da sosial istiqamətə daha çox diqqət ayrıldığını göstərir. Bununla belə, büdcənin ümumi mənzərəsinə nəzər saldıqda aydın görünür ki, 2027-ci il büdcəsində əsas prioritet mövcud maliyyə sabitliyinin qorunmasıdır”, - deyə o bildirib.
Qeyd edək ki, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Büdcə kəsirinin 3 milyard 146 milyon manat olacağı gözlənilir. Dövlət büdcəsinin layihəsi noyabrın 17-də Milli Məclisdə birinci oxunuşda qəbul edilib.