“Real Madrid” Arda Gülerlə müqavilənin müddətini uzadıb.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, Arda Gülerin yeni müqaviləsində onun 2032-ci ilədək Madrid təmsilçisinin formasını geyinəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Arda Güler İspaniya klubunda keçirdiyi dörd mövsüm ərzində 126 oyunda meydana çıxıb. O, bu müddətdə Çempionlar Liqası, Klublararası Dünya Kuboku, UEFA Superkuboku, La Liqa və İspaniya Superkubokunun qalibi olub. İspaniya mətbuatının daha əvvəl yaydığı məlumata görə, yeni müqavilə ilə Arda Gülerin illik zəmanətli maaşı 8 milyon avro təşkil edəcək.

Bundan əvvəl, PSJ-nin Arda üçün təxminən 115 milyon avro təklif irəli sürdüyü barədə xəbərlər dərc edilmişdi. “Real” təklifi rədd edib. Səudiyyə Ərəbistanından gələn 80 milyon avroluq təklif də Madrid klubu tərəfindən rədd edilib. PSJ-nin futbolçuya illik 8 milyon avroluq maaş təklifindən təxminən üç dəfə artıq məbləğ vəd etdiyi iddia edilib.