“Trabzonspor” qış transfer dönəmində heyətinə dünya futbolunun tanınmış simalarını qatmaq üçün hərəkətə keçib.

Metbuat.az “Fotomaç”a istinadən xəbər verir ki, klubun vitse-prezidenti İbrahim Şahinkaya transfer danışıqları aparmaq üçün İngiltərəyə yollanıb. Məlumata görə, Türkiyə təmsilçisinin əsas hədəfləri arasında “Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Deyk, “Tottenhem”in braziliyalı hücumçusu Rişarlison və “Brentford”un ukraynalı yarımmüdafiəçisi Yeqor Yarmolyuk yer alır. Bildirilir ki, 35 yaşlı Van Deykin mövsümün sonunda klubla müqaviləsinin başa çatması “Trabzonspor”un bu transferə marağını artırıb.

Türkiyə klubunun digər hədəfi Rişarlisondur. Mövsümün sonunda müqaviləsi bitəcək 29 yaşlı futbolçu üçün rəsmi təmaslara başlanılıb. “Trabzonspor”, “Tottenhem”in braziliyalı hücumçuya görə tələb etdiyi 15 milyon avroluq məbləği aşağı salmağa çalışır.

“Trabzonspor”un transfer siyahısında 22 yaşlı Yeqor Yarmolyuk da var. İngiltərə Premyer Liqasında əsas heyətə düşməkdə çətinlik çəkən ukraynalı yarımmüdafiəçinin icarəyə götürülməsi variantı nəzərdən keçirilir. Bazar dəyəri 32 milyon avro olaraq göstərilən futbolçu ilə bağlı ilkin danışıqların başladığı bildirilir.