İtaliyanın Milan şəhərində betonlaşmanın və sıx avtomobil hərəkətinin yaratdığı problemləri azaltmaq məqsədilə genişmiqyaslı yaşıllaşdırma layihəsi həyata keçirilir.

Metbuat.az "Sözçü" qəzetinə istinadən xəbər verir ki, “Forestami” adlanan layihə çərçivəsində 2030-cu ilə qədər şəhər və ətraf ərazilərdə 3 milyon ağacın əkilməsi planlaşdırılır. Milan Böyükşəhər Bələdiyyəsi və müxtəlif təşkilatların əməkdaşlığı ilə həyata keçirilən təşəbbüsün əsas məqsədi havanın keyfiyyətini yaxşılaşdırmaq və şəhərdə temperaturu aşağı salmaqdır. Məlumata görə, indiyədək layihə çərçivəsində təxminən 650 min ağac əkilib. Yaşıllaşdırma işləri parklarla yanaşı, küçələrdə, məktəb həyətlərində, məhəllələrdə və istifadəsiz qalan dövlət torpaqlarında da aparılır. Bildirilir ki, layihə nəticəsində şəhər ərazisində daha geniş yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur.

Ağacların xüsusilə yay aylarında asfalt və beton səthlərdə toplanan istiliyi azaltması, küçələrdə kölgəli sahələr yaratması gözlənilir. Bitki örtüyünün yağış sularının torpağa hopmasına da kömək edəcəyi bildirilir. Ümumilikdə, 255 hektar şəhər ərazisinin yaşıllaşdırılması və Milanda ağac örtüyünün 5 faiz artırılması hədəflənir.