Çində isti su mənbələrinin aşkarlanması məqsədilə aparılan qazıntılar zamanı gözlənilməz neft yatağı aşkar edilib.

Metbuat.az “China Daily” nəşrinə istinadən xəbər verir ki, Henan əyalətinin Sanmenxia şəhərində aparılan geoloji araşdırmalar nəticəsində bölgədə böyük neft ehtiyatlarının ola biləcəyi müəyyənləşib. Məlumata görə, Linbao bölgəsində isti su əldə etmək üçün qazılan geotermal quyuda neft izlərinə rast gəlinib. Bundan sonra mütəxəssislər ərazinin yeraltı quruluşunu yenidən araşdırmağa başlayıblar.

Tədqiqatlar zamanı milyonlarla il əvvəl formalaşmış çöküntü süxurlarının neft yaranması üçün əlverişli şəraitə malik olduğu müəyyən edilib. Çin Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, Sanmenxia hövzəsində təxminən 427 milyon ton geoloji neft ehtiyatı müəyyənləşdirilib. İlkin qazıntılar zamanı quyulardan birində gündəlik 15,83 kubmetr neft axını əldə olunub. Sonrakı araşdırmalarda isə iki ayrı quyuda gündəlik 15,5 və 92,52 kubmetr neft axını qeydə alınıb.