Antarktikada peyk görüntülərinə düşən qeyri-adi mənzərə maraq doğurub.

Metbuat.az "Sözçü" qəzetində istinadən xəbər verir ki, NASA-nın yayımladığı fotolarda buzlaqların arasında insan kəlləsini xatırladan nəhəng forma diqqət çəkib. Məlumata görə, görüntülər Antarktika yarımadasının şərqində, Ueddell dənizində yerləşən Veqa adasına aiddir. Landsat 9 peyki tərəfindən 2025 və 2026-cı illərdə çəkilən fotolarda adanın bir hissəsinin kəlləyə bənzədiyi görünür.

Görüntüdə göz çuxurlarını xatırladan tünd sahələr buzların arasından yüksələn qayalı təpədən yaranıb. Ağız hissəsini buzlaq kənarında toplanan daş və torpaq, alt çənəni isə Bahía del Diablo buzlağı formalaşdırır. Mütəxəssislər bu mənzərəni təbii relyef formaları və buz örtüyünün yaratdığı optik illüziya ilə əlaqələndirirlər. Bu hadisə insan beyninin təsadüfi formaları tanış obyektlərə bənzətməsi ilə izah olunan pareidoliya fenomeninin nümunəsi hesab edilir.

NASA-nın paylaşdığı fotolar arasında buz örtüyündəki dəyişikliklər də diqqət çəkib. 2025-ci ildə qarla örtülmüş bəzi sahələrin 2026-cı ildə daha tünd rəng aldığı müşahidə olunub.