“Su təmizləyici qurğuların tam işlək vəziyyətdə olmaması halları var. Müxtəlif subyektlər, istər dövlət təşkilatları, istərsə də digər qurumlar dəniz kənarında fəaliyyət göstərirlər və su təmizləyici qurğular tam işlək vəziyyətdə olmadan sular Xəzərə axıdılır”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev “Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda keçirilən brifinqdə deyib.
O qeyd edib ki, sahilboyu ərazilərdə ekoloji problemlərdən biri də çirkab suların təmizlənmədən axarlara və dənizə buraxılmasıdır.
Bununla yanaşı, müxtəlif ərazilərdə bərk məişət, tikinti və təhlükəli tullantıların qanunsuz atılması, tullantıların vaxtında daşınmaması və zərərsizləşdirilməməsi halları da mövcuddur.
Şöbə müdiri bu problemlərin aradan qaldırılması üçün dövlət qurumları ilə yanaşı, ictimaiyyətin və media nümayəndələrinin də iştirakının vacibliyini vurğulayıb.
“Çox yaxşı haldır ki, istər qeyri-hökumət təşkilatları, istərsə də mətbuat nümayəndələri problemi ictimai əsaslarla qaldırırlar və bu, dəyərləndirilməlidir”, - deyə İlqar Həbiyev bildirib.