Xəzər dənizinin sahilboyu ərazilərinin gələcək istifadəsi müəyyənləşdiriləcək. Bu ərazilərin bir hissəsi ekoloji mühafizə, digərləri isə çimərlik, istirahət və biznes fəaliyyəti üçün ayrılacaq.

Metbuat.az-ın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev brifinqdə deyib.

“İstənilən bir yeri idarə etmək üçün, birincisi, biz onu ərazi baxımından qiymətləndirməliyik. Hansı qorunmalıdır, hansı yararlı şəkildə istifadə olunmalıdır, hansı ekoloji zona olmalıdır, hansı sahilboyu biznesi və yaxud əhalinin istirahəti üçün əlverişli sahə kimi qiymətləndirilməlidir”, - deyə o bildirib.

Şöbə müdirinin sözlərinə görə, zonalaşdırma zamanı ərazilərin təbii xüsusiyyətləri, ekoloji vəziyyəti, səhiyyə və təhlükəsizlik tələbləri nəzərə alınacaq. Hər sahənin çimərlik və ya istirahət məkanı kimi istifadəsi mümkün olmadığından bu istiqamətdə optimallaşdırma aparılacaq.

İlqar Həbiyev qeyd edib ki, proses aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.