Azərbaycan ilə Vyetnam arasında münasibətlərin kökləri ötən əsrin ortalarına, xalqlarımızın qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında yaxınlaşdığı dövrə gedib çıxır. Bu əlaqələr təkcə diplomatik münasibətlərin tarixi deyil, həm də mürəkkəb beynəlxalq şəraitdə formalaşmış qarşılıqlı etimadın və həmrəyliyin nümunəsidir.

Metbuat.az xəbər verir ki, 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana səfəri iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Bu səfər Azərbaycan xalqının Vyetnamla əlaqələrə verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də möhkəm zəmin yaratdı.

Bu tarixin davamı olaraq, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfəri xüsusi əhəmiyyət daşıyırdı. Səfərin səkkiz gün davam etməsi, ölkənin müxtəlif bölgələrini əhatə etməsi və geniş müzakirələrlə yadda qalması onun məqsədinin yalnız rəsmi görüşlərlə məhdudlaşmadığını göstərirdi. Heydər Əliyevin təşəbbüsü və təkidi ilə proqramın genişləndirilməsi Vyetnamın iqtisadi və sosial inkişaf perspektivlərinin daha dərindən öyrənilməsinə imkan yaratdı. Səfərin nəticələri ölkənin müharibədən sonrakı dirçəliş və quruculuq prosesinə dəstək baxımından əhəmiyyətli idi.

Bu iki tarixi səfər Azərbaycan-Vyetnam münasibətlərinin formalaşmasında mühüm siyasi və mənəvi rol oynayıb. Müstəqillik dövründə əlaqələr dövlət səviyyəsində davam etdi. Prezident İlham Əliyev 2014-cü ilin mayında Hanoya dövlət səfəri etdi, bu, Azərbaycan Prezidentinin Vyetnama ilk səfəri idi.

Tarixi təcrübə göstərir ki, dövlətlər arasında dostluq yalnız rəsmi sənədlər və diplomatik təmaslarla deyil, həm də qarşılıqlı diqqət, etimad və çətin dövrlərdə göstərilən dəstəklə möhkəmlənir.

Bu gün Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri əməkdaşlığın yeni istiqamətləri üçün dəyərli təməl olaraq qalır. Keçmişdən gələn bu etimad gələcək nəsillər üçün də qorunmalı və inkişaf etdirilməlidir.

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də bu münasibətlərin müasir mərhələsinə və gələcək perspektivlərinə aydınlıq gətirir. Dövlət başçısı müsahibəsində 1959-cu ildə Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Heydər Əliyevin Vyetnama səfərlərinin xalqlarımız arasında dostluğun təməlində dayandığını xüsusi vurğulayıb. Prezident qeyd edib ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əlaqələri yeni mərhələyə yüksəldib. Müsahibədə 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi, enerji, investisiya və Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi imkanları da diqqətə çatdırılıb.

Bu siyasi dialoqun davamı olaraq, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 19-21 noyabr tarixlərində Vyetnama rəsmi səfəri həyata keçirilir. Vyetnamın Baş katibi və Prezidenti To Lamın dəvəti ilə reallaşan səfər iki ölkə arasında 2025-ci ildə təsis edilmiş strateji tərəfdaşlığın konkret layihələr və yeni razılaşmalarla zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Gündəlikdə enerji, sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur.

Əminliklə deyə bilərik ki, 1959-cu ildə başlayan dostluq ənənəsi bu gün dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsində davam edir və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı üçün yeni perspektivlər açır.