Lənkəranda dörd nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynov idarə etdiyi “Qazel” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan, Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Daha sonra “Qazel” Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” və Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus, marketin qarşısında dayanan “VAZ-2106” markalı avtomobillərə dəyib.

Bundan sonra nəqliyyat vasitəsi yol kənarındakı beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.

İlkin məlumata görə, hadisəyə “Qazel”in sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.