“Sonsuz dəhliz” filmi ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb

“Sonsuz dəhliz” filmi ABŞ-ın nüfuzlu mükafatına layiq görülüb
16:03 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
“Tenerife” və Madrid film festivallarında dörd nominasıya üzrə mükafata namizədliyi irəli sürülən litvalı kinematoqraf Andrius Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filmi ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu “Accolade Qlobal Film Competition” nəşrinin baş mükafatına layiq görülüb.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Accolade” ABŞ kinematoqrafçılarının nəşridir və artıq 11 ildir ki, ən yaxşı filmlər üzrə illik müsabiqələr keçirir. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə iş müxtəlif nominasiyalarda iştirak edir. Bunlar sənədli və qısametrajlı filmlər, televiziya proqramları və reportajlar, animasiya filmləridir. ABŞ və dünya kinematoqrafında bu müsabiqə həm də “Kiçik Oskar” adlanır. Bu il “Sonsuz dəhliz” baş mükafata – “Best of Show” mükafatına layiq görülüb. Bu mükafat ən yaxşı ideya və onun gerçəkləşdirilməsinə görə verilir.
“Accolade Qlobal Film Competition” nəşrinin müsabiqələr üzrə koordinatoru Rik Priket Andrius Brokasa ünvanladığı məktubda deyilir: “Bizim festivallara minlərlə film təqdim olunur. Siz haqlı olaraq layiq olduğunuz “Accolade” mükafatı ilə fəxr edə bilərsiniz... Qalib olmaq o deməkdir ki, sizin filminiz sənət və yaradıcılıq baxımından digər istehsal edilən filmlərdən çox yüksəkdə durur”.
Bundan məmnun olan Andrius Brokas inanır ki, bu mükafat “Sonsuz dəhliz” filminin növbəti illərdə nüfuzlu “Oskar” və “Emmi” mükafatları üzrə namizədliyinin irəli sürüləcəyinə təkan verəcəkdir.
Brokasın sözlərinə görə, "Sonsuz dəhliz" filmi həmçinin, “Tenerife” və Madrid film festivallarının dörd nominasıyası üzrə mükafata da namizədliyi irəli sürülüb - “Ən Yaxşı Sənədli Film”, “Sənədli filmin ən yaxşı direktorluğu”, “Sənədli filmin ən yaxşı prodüserliyi” və “Sənədli filmin ən yaxşı rejissorluğu”. Film festival iştirakçılarına iyulun 9-da İspaniyanın paytaxtı Madriddə təqdim olunacaq. İyulun 10-da isə mükafatlandırma mərasimi baş tutacaqdır.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
“Sonsuz dəhliz” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin, Türkiyənin “Kanal 24” kanalında və Albaniyanın Milli Televiziyasında nümayiş olunub.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sonsuz_dehliz_filmi_ABS_in_nufuzlu_mukafatina_layiq_gorulub-865332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR