Yozef Blatterin FİFA prezidentliyindən getmək istədiyi bir vaxtda bu posta əsas namizədlər arasında Mişel Platininin adı da hallanır. UEFA-nın prezidenti dəfələrlə Ali futbol qurumunun fəaliyyətinə öz iradlarını bildirmiş və təşkilatda islahatların həyata keçirilməsi fikrini dəstəkləmişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Platini ilə "Juventus"da birlikdə oynamış Marko Tardelli "France Football" nəşrinə müsahibəsində onun futbolçu olduğu dönəmi yada salıb. 1982-ci ilin dünya çempionu həmin dövrdə Maradona və Platininin ən yaxşılar olduğunu qeyd edib.
- 1982-ci ildə Platininin "Juventus"a gələcəyini biləndə reaksiya necə oldu?
- İş ondadır ki, Mişelin gəlişi ilə çox sevdiyimiz Liam Breydi (red. İrlandiya millisinin keçmiş futbolçusu) komandadan getməli idi. Breydi "Yuventus"da 2 gözəl mövsüm keçirmişdi. Buna görə futbolçular Platininin gəlişinə narazı idi. Amma Mişel bizim Breydi ilə münasibətimizi anlayışla qarşıladı. Çox alicənab və təmkinli davrandı. Bununla da hamının qəlbini fəth etdi. Üstəlik, bütün karyeram ərzində bir Platini kimi məşq buraxmayan futbolçu görmədim. O, "Yuventus"un ulduzu olsa da, özünü primadonna saymırdı.
- Onun uğurlarınba həsəd aparmırdınız?
- Xeyr. Hamımız onu güclü futbolçu olduğundan xəbərdar idik. "Yuventus"la əlverişli müqavilə imzaladığını da bilirdik. Heyətdə 1982-ci ilin bir neçə dünya çempionu vardı. Bu səbəbdən klub prezidentinin yanına gedib məvacibləri artırmağı tələb etdik. Mişelin gəlişi bu mənada bizə kömək etdi.
- Platini "Yuventus"a gələnə qədər İtaliya millisinin heyətində onunla 3 dəfə qarşılaşmışdınız. İki dəfə yoldaşlıq oyunu və 1978 mundialı....
- Platiniyə qarşı oynamaq böyük əzab idi. Ona və Maradona ilə oyunlar mənim üçün çox çətin olurdu. Mişel asan oynayırdı. Topu qəbul etməzdən öncə kimə və hara ötürmə verəcəyini bilirdi. Qarşısını almaq mümkün deyildi. Topu müdafiədə belə ələ keçirə bilirdi. Meydanda heç kimi təhqir etmirdi.
- Onunla 3 mövsüm eyni komandada oynamısınız (1982-85).
- Bir-birimizi yaxşı başa düşürdük. Topa açılanda bilirdim ki, ondan mənə ötürmə gələcək. Mən də topu alan kimi Mişelə ötürürdüm. O, ağıllı futbolçu idi, komandaya oynayırdı. Məşqçi Platinini çərçivəyə salmırdı. O, meydana istədiyini edirdi. Biz, bir neçə futbolçu isə onun sərbəst olması üçün şərait yaradırdıq.
- Bu funksiyaya necə yanaşırdınız?
- Platini ilə qalib gəlirdik. Həmin dövrün ən güclü futbolçuları o və Maradona idi. Maradonanı topdan ayırmaq olmurdu. Mişel isə tək toxunuşla oynamağa çalışırdı. Deyim ki, Maradona Messidən daha güclü futbolçu idi. "Barselona"nın "Yuventus"a vurduğu ilk qolu xatırlayırsınız? Həmin hücum Messinin Jordi Albaya uzun ötürmə verməsi ilə başlamışdı. Bu, Platini stilində verilən ötürmə idi.
- 1980-ci illərdə İtaliyada oynamaq asan deyildi...
- Bununla yanaşı, Mişel 3 dəfə A Seriyasının bombardiri oldu. Həmin dövrdə italyan futbolu güc tələb edən, sərt və taktiki xarakterə malik idi. Çempionatda fiziki cəhətdən güclü oyunçular çıxış edirdi. Bu səbəbdən İtaliyada Platini qədər qol vurmaq böyük məharət tələb edirdi. O, müasir dövrdə oynasaydı, hər şeyi bir ayaqla edərdi. Yəqin ki, daha çox qol vurardı.
- Yəni, hazırda Platini daha güclü çıxış edərdi?
- Bəli. Müasir futbolçulardan heç kimi Mişellə müqayisə edə bilmirəm.
Milli.Az