"Ermənistanda faşist-kriminal rejim fəaliyyət göstərir. Onlar qonşu ölkələrə qarşı öz avantüralarından əl çəkmirlər. Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında olduqlarını gizlətmirlər"
Bu sözləri Milli.Az-a millət vəkili Fəzail Ağamalı deyib. Azərbaycan torpaqlarının uzun ilərdən bəri işğal altında qaldığını deyən F.Ağamalı qeyd edib ki, Gürcüstana və Türkiyəyə qarşı da eyni ərazi iddiaları var.
"Onların xarici siyasəti birmənalı olaraq işğalçı və təcavüzkar müstəvi üzərində qurulub. Bu cür düşüncə, bu cür yanaşma indiki kriminal rejimin həm də öz vətəndaşlarına qarşı yönəlib. Sarkisyan rejimi dövründə həm parlament, həm də prezident seçkiləri zamanı insan qanı axıdılıb. Ölüm olub. Öz vətəndaşlarının qanının axıdılması üzərində hakimiyyətə gələn Sarkisyan və komandası hər hansı bir şəkildə ona qarşı çıxanlara çox amansız münasibət göstərir və göstərəcək. Çünki onun mahiyyəti, anatomiyası budur", - o vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, təəccüblü odur ki, bu Sarkisyan rejiminin, bu cür faşist və kriminal rejimin kənardan beynəlxalq səviyyədə müdafiəçiləri var. Ən müxtəlif beynəlxalq təşkilatlarda Ermənistanın indiki rejimi ittiham olunmaq əvəzinə, müdafiə olunur. "Dayan!" demək əvəzinə, Ermənistanın indiki rejimi Avropa tərəfindən himayə olunur.
"Bu cür davranışları nümayiş etdirən Ermənistan əslində beynəlxalq təzyiqin obyektinə çevrilməlidir. Ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Bu rejimə qarşı beynəlxalq aləm konkret davranış nümayiş etdirməlidir. Çox təəssüf ki, bunların heç biri yoxdur. Olmadığı təqdirdə də kriminal rejim istədiyini edəcək", - F.Ağamalı qeyd edib.
Millət vəkili hesab edir ki, əgər Ermənistanda yaşayan insanlar şərəf və ləyaqətlərini qorumaq, dövlətlərini məhv olmaqdan xilas etmək istəyirlərsə, qalxıb bu rejimi devirməlidirlər.
"Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq iradəsini ortaya qoyaraq işğal olunmuş torpaqlarının azad olunmasını hakimiyyətə gələn bütün rejimlərdən tələb etməlidirlər. Özlərini bu çıxılmaz, sonu görünməyən qaranlıq dəhlizdən xilas etməlidirlər. Erməni xalqının başqa yolu yoxdur", - deyə millət vəkili vurğuayıb.
Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşması xalq etirazlarına səbəb olub. İnsanlar paytaxt Yerevanla yanaşı, Gümrü və Sevanda da etiraz aksiyaları keçiriblər. Yerevan polisi aksiyanı su şırnağı, gözyaşardıcı qaz və dəyənəklərin gücü ilə dağıdıb.
Teymur Hacıyev
Milli.Az