Naxçıvan, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il yanvarın 14-də imzaladığı Sərəncam dövlətimizin ona verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin növbəti təzahürüdür.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən “Bəxtiyar Vahabzadə-90: Yaşamaq yanmaqdır” mövzusunda keçirilən elmi konfransda səsləndirilib. Tədbirdə şairin həyat yolundan, yaradıcılığından ətraflı söhbət açılıb.
NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında Bəxtiyar Vahabzadənin öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Qeyd edib ki, böyük söz ustadı xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib.
Rektor bildirib ki, B.Vahabzadənin yaradıcılığı Vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə sıx bağlı olub. Vətənə, Azərbaycan dilinə, onun saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə sevgi sənətkarın yaradıcılığının ruhunu təşkil edir.
“Bəxtiyar Vahabzadə yaradıcılığında tarixin əksi” mövzusunda məruzə ilə çıxış edən “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov bildirib ki, şeirlərinin böyük əksəriyyətində tarixi mövzulara müraciət edib yaddaqalan poeziya nümunələri yaradan, yaratdığı əsərlərlə özü də bir növ xalqın tarixinə çevrilən Bəxtiyar Vahabzadə müxtəlif illərdə yazdığı “Gülüstan”, “Şəbi-hicran”, “İstiqlal”, “Ağlar güləyən”, “416”, “Muğam”, “Şəhidlər” və digər poemalarında, bir sıra pyeslərində tarixi mövzulara toxunub, bu mövzuda çox əhəmiyyətli sənət nümunələri yaradıb.
Universitetin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova “Bəxtiyar Vahabzadə dilində məcazların işlənmə məqamları”, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Bəxtiyar Vahabzadə yaradıcılığında Molla Nəsrəddin məktəbi ənənələri” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra tarix-filologiya fakültəsinin tələbələri Bəxtiyar Vahabzadənin “Özümdən narazıyam”, “Mən türkəm”, “Vətəndən-Vətənə” şeirlərini səsləndiriblər.
Elmi konfransda xalq şairinin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.