Fəzail Ağamalı döyülərək öldürülən jurnalistdən danışdı

Fəzail Ağamalı döyülərək öldürülən jurnalistdən danışdı
15:22 10 Avqust 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, F.Ağamalı AzVision.az-a açıqlamasında hadisədən təəssüfləndiyini bildirib.

"Mövqeyindən asılı olmayaraq vətəndaşla jurnalist arasında anlaşılmazlıq baş verirsə, jurnalist tanınmış vətəndaşın şəxsiyyət və ləyaqətini təhqir edirsə, məsələ sivil qaydada, hüquq müstəvisində öz həllini tapmalıdır. 

Hesab edirəm ki, məsələyə belə barbar şəkildə çözüm gətirmək qətiyyən yolverilməzdir. Düşünürəm ki, hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirəcək və günahkarlar qanun qarşısında cavab verəcəklər. Ümumən isə belə hadisələrin qarşısı alınmalıdır ki, bir daha bu kimi hallar baş verməsin", - deyə F.Ağamalı vurğulayıb. 

Deputat hesab edir ki, heç kim sosial şəbəkənin verdiyi imkanlardan sui-istifadə edərək başqa birisinin ünvanına təhqir yağdırmamalıdır: 

"Mən bir neçə il əvvəl sosial şəbəklərin yaratmış olduğu problemlərin üzərinə getdim. 

Qeyd etdim ki, sosial şəbəkələr lazımlıdır. Eyni zamanda bildirdim ki, sosial şəbəklərin bir çox eybəcər cəhətləri var. Onlardan biri məhz kimlərinsə bu imkandan istifadə edərək başqa birisini təhqir etməsidir. Sosial şəbəklərdə bu kimi halların baş verməməsi üçün hər kəsin özü məsuliyyət daşımalıdır".

F.Ağamalı qeyd edib ki, jurnalist kiminsə şəxsiyyətini, mənliyini təhqir etməli deyil: 

"Qələm sahibinin özünə qarşı təhqiramiz ifadələr işlədilərsə, ona qarşı böhtanlar yağdırılarsa, şərəf və ləyaqəti təhqir olunarsa, o özünü necə hiss edər? 

Bax, bunu göz önünə gətirərək istər sosial şəbəkədə, istərsə də mətbuatda öz fikrini ifadə etməlidir. Öz şəxsiyyətini, şərəf və ləyaqətini uca tutan hər bir adam başqasını təhqir etməz. Bu, birmənalıdır. Baş verən hal isə təəssüf doğurur. Amma bu kimi halların zorakılıq çərçivəsində çoxalmasının tərəfdarı deyiləm".

Jurnalistə qarşı edilən hərəkəti qudurğanlıq kimi qiymətləndirən deputat əlavə edib ki, kimliyindən asılı olmayaraq ortaya çıxan şəxsi münasibətlər hüquq müstəvisində öz həllini tapmalıdır. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkədə münasibətləri cəngəllik qanunları həll etmək olmaz.

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/361991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR