Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 15-də Avstriyada “Vyana Open – 2015” beynəlxalq şahmat turniri start götürür. Yarışçıların proqramına dörd turnir və iki qrossmeyster arasında altı partiyadan ibarət matç daxildir.
AZƏRTAC xəbər verir ki, güclü şahmatçıların “A” turnirində 457 idmançı, o cümlədən 20 qrossmeyster iştirak edəcək. Azərbaycan idmanının şərəfini beynəlxalq usta Nərgiz Umudova (2289) qoruyacaq. Yarışlar İsveçrə sistemi ilə 9 turda keçiriləcək.
“C” turnirində 86 şahmatçı iştirak edəcək. “C” turnirində ölkəmizi Hüseyn Ağayev, Rəşad Qasımov, Tofiq İsrafilov, Rasim və Rüstəm Qafarlı, “D” turnirində Riad İsmayılov, Kamilla İsrafilova, Əzim Kazımov, Üzeyir Mustafayev və Nihad Teymurlu təmsil edəcəklər.
“Vyana Open - 2015” turnirinin proqramında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilə yerli şahmatçı Markus Raqqer arasında altı partiyadan ibarət matç nəzərdə tutulub. İki qrossmeyster arasında matç avqustun 17-dən 22-dək davam edəcək.