Bakı, 27 avqust, AZƏRTAC
Tanzaniyada, eləcə də Afrikanın digər regionlarında albinoslara hücumlar geniş yayılıb. Bu hücumlar üzündən albinoslar ya əlil qalır, ya da həlak olur.
AZƏRTAC “newsland.ru” saytına istinadla xəbər verir ki, hər şey insanların inanclarından qaynaqlanır. Afrikanın bəzi qəbilələrində hesab edilir ki, albinosların ətrafları, saçları, sümükləri və bədənlərinin digər əzaları uğur gətirir və şəfa tapmağa kömək edir. Afrikada belə insanların axtarışında olan bütöv qruplaşmalar fəaliyyət göstərir.
Baraka Kosmas Musambo adlı dörd yaşlı albinosun dediklərindən: ”Onlar qolumu kəsib götürdülər, daha heç kəsə dəymədilər. Əvvəlcə anamı başından vurdular, sonra isə maçete ilə mənə yaxınlaşdılar”.
On yeddi yaşlı Kabula Nkaranqo Masac da qolunu insanların xurafatı üzündən itirib: “Ürəyimdən sanki daş asılıb. Qolumun başına nə oyun açıblar, ondan nə fayda götürüblər, heç olmazsa, istifadə ediblərmi, yoxsa sadəcə tullayıblar”.
ABŞ-ın “Global Medical Relief” fondunun başçısı Elissa Montanti bu uşaqlara protez tapmaqda kömək edir. Protezlər müvəqqətidir. Uşaqlar böyüdükcə, onlara yenilərini hazırlayırlar. Sentyabrda yeni protezlər olacaq. Hazırda ABŞ-da olan uşaqlar tezliklə Tanzaniyaya
qayıdacaqlar. İndi isə yeni təəssüratlar alırlar. Məsələn, hovuzda çimir və ya ad günlərini qeyd edirlər.