İngilisləri xilas edən, dünyanı şoka salan azərbaycanlı

İngilisləri xilas edən, dünyanı şoka salan azərbaycanlı
12:07 29 Yanvar 2015
546 İdman
Ölkə mətbuatı
A- A+

























Tofiq Bəhramov Azərbaycanın keçmiş futbolçusu olsa da  futbol hakimi kimi ün qazanıb. Azərbaycan Futbol Federasiyası Assosisiyası (1992) yaranan zaman hakimlərin sədri, daha sonra isə baş katib postlarına sahib olub.

 

Əfsanə hakim 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar “Uembley” stadionuna toplaşmış 98000 izləyicinin yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.

 

Publika.Az “II taym” layihəsi çərçivəsində dünya futbol tarixinə adını yazdırmış Tofiq Bəhramov haqqında məlumat verib.

 

Görkəmli hakimin iştirakı ilə başqa mühüm futbol görüşləri də baş tutub. 1968-ci ildə Çempionlar Liqası yarımfinal oyununda “Mançester Yunayted” – “Real Madrid”, 1970-ci il Dünya Çempionatının yarımfinalında Braziliya – Uruqvay, 1972-ci il Klublararası Dünya Çempionatının finalında “Ayaks” – “İndependiyente” qarşılaşmaları həmyerlimizin iştirakı ilə keçirilib. Bu siyahıya başqa oyunları da əlavə edə bilərik. Belə ki, 1964-cü ildə beynəlxalq dərəcəli hakim statusu aldıqdan sonra Tofiq Bəhramov SSRİ çempionatında, eləcə də, Avropa və dünyada bir-birindən mühüm oyunlarda ədalət qoruyucusu kimi çıxış etməyə başladı. 

 

O, dünya futbol tarixində “Qızıl Buts” qazanmış yeganə hakimdir.  Bundan başqa T.Bəhrəmov İngiltərə Kraliçası tərəfindən iki mükafata layiq görülən, adına heykəl olan və türkdilli ölkələrdə adı stadiona verilən yeganə hakimdir.

 

Futbolçu kimi başlasa da karyerası tez bitdi

 

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub. İdman aləminə futbolçu kimi ayaq açıb. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə (“Neftçi”) dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.  Çünki dizindən zədə alır. Zədəsi ciddi oldu deyə, həkimlər futbol həyatını davam etdirməyə icazə vermədilər. 

 

SSRİ-də ilk hakim 

 

Ancaq o futbol sevgisi üzündən sevimli işindən ayrıla bilmir. Hakim kimi futbolda fəaliyyətini davam etdirdi. Onun hakimlik karyerası uğurlu olur. Əvvəl SSRİ səviyyəsində oyunlar idarə etməyə başlayıb. Daha sonra beynəlxalq dərəcə alaraq, dünya futbol arenasında bir-birindən mühüm oyunların iştirakçısı olub.

 

Ondan heç bir futbolçu narazı qalmayıb. Həmişə doğru, qərəzsiz qərarları ilə demək olar ki, bütün futbolçuların ürəyini alıb.

Hətta oğulu Bəhram Bəhramov bu yaxınlarda atası ilə bağlı xatirələrini bölüşərkən bele deyib: “Oyunçu yalandan yerə yıxılanda həmişə gülüşlə qarşılayardı və yaxınlaşıb həmin oyunçuya deyərdi: “Qalx ayağa, soyuq dəyər sənə”.

 

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ əldə edib. O, SSRİ-də beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir.

 

Hazərkı hakimlərin bacarmadığını bacarıb. Belə ki, o, iki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. Tofiq Bəhramov SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

 

Bundan əlavə T. Bəhrəmov 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya)- "İntependiente" (Argentina) görüşünü) idarə edib.

 

Kraliçanın əlindən “Qızıl İlahə” və “Qızıl fit” mükafatlarını alır

 

Öncə də qeyd etdiyim kimi, Tofiq Bəhrəmov DÇ-1966-nın oyunları zamanı adını tarixə qızıl hərflərlə həkk edirir. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyunun əsas vaxtında 2-2 hesabıyla başa çatdığından, əlavə vaxt oynanılır. Görüşün 101-ci dəqiqəsində Cefri Hertsin mübahisəli qolu məhz Tofiq Bəhramovun qərarından sonra qeydə alınmışdı. İngilislər daha sonra bir qol da vuraraq tarixi ərzində ilk Dünya Çempionluğunu yaşamışdılar. Buna görə də, İngiltərədə Azərbaycan futbolu deyildikdə, bəlkə də, ilk yada düşən Tofiq Bəhramov olur.

 

Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.

 

Tofiq Bəhramov bu oyunda sadəcə laynsman (yan xətt hakimi) funksiyasını yerinə yetirsə də görüşdən sonra Böyük Britaniya kraliçası II Yelizaveta özü "Qızıl ilahə" və “Qızıl fit” mükafatının kiçik modelini həmyerlimizə təqdim edir.

 

Məhz bu oyundan sonra Tofiq Bəhrəmov ingilislər üçün əlamətdar şəxs, xilaskar hesab edilir. İngiltərə xalqı o gündən Tofiq Bəhrəmovu çox sevir.

 

“Bu rus nə istəyir?”

 

Tofiq Bəhramov haqqında sənədli film də çəkilib. ( “Hakim”, “Hakim mərkəzi göstərir”). Həmçinin, T.Bəhramov 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı da olub. Bundan başqa 2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. A.Hopkraft kitabında belə yazır: “Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə”.

 

Tofiq Bəhramovun xidmətlərinə görə ölkənin bir nömrəli idman arenası – Respublika stadionu onun adı verilib. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb. 2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi.


Fanat.az












Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ngilislri-xilas-edn-dunyan-oka-salan-azrbaycanl-t17900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR