Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı yeni 106-cı teatr mövsümünü Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə açıb.
AZƏRTAC xəbər verir ki, tamaşa Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunub.
Tamaşasının quruluşçu-rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Tamaşada rolları əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Qeyd edək ki, Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" ("Məşədi İbad") əsəri 1911-ci ildə yazılıb, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulub. Bu tamaşada əsas rolları xalqımızın müqtədir sənətkarları Mirzağa Əliyev, Cahan Talışınskaya, Əhməd Anatollu, Əhməd Ağdamski, Münəvvər Kələntərli, Hacıbaba Bağırov və başqaları oynayıblar.
Operettada hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduğu dövrü əhatə edir. Tacir Məşədi ibad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənməyə can atması, cavan ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir...
Azərbaycan teatr sənəti tarixinə qızıl həriflərlə yazılmış "O olmasın, bu olsun" operettasının uğurlu tamaşaları onlarla gülüş ustasının, gənc aktyor nəslinin inkişafında böyük rol oynayıb.