Bakı, 27 sentyabr, AZƏRTAC
Dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan VII Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” musiqili komediyası, Dövlət Mahnı Teatrında isə “Dan ulduzu” ansamblının konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Arşın mal alan” komediyasında baş rolları Xalq Artisti Azər Zeynalov (Əsgər) və Əməkdar Artist İnarə Babayeva (Gülçöhrə) ifa ediblər. Tamaşanın yaradıcı heyətinə əməkdar incəsənət xadimləri- Sevil Hacıyeva (dirijoru), Hafiz Quliyev (quruluşçu rejissor) və Əyyub Fətəliyev (quruluşçu rəssam) daxildir.
Qeyd edək ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” əsərini 1913-cü ildə yazıb və əsr həmin ilin oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə nümayış olunub. Səhnəyə çıxdığı gündən milyonlarla tamaşaçı sevgisi qazanan bu əsər hər dəfə insanlar tərəfindən alqışlarla qarşılanır.
“Dan ulduzu” ansamblının konserti də maraqlı olub. Tariyel Abbasovun bədii rəhbərliyi ilə səhnəyə çıxan ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, bu ansambl 1968-ci ildə istedadlı pianoçu, Əməkdar İncəsənət Xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb. O, həm ansamblın bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi. Ansamblın adını Xalq Şairi Nəbi Xəzri təklif etmişdir. Ötən müddət ərzində bu musiqi kollektivi Azərbaycanı dünyanın bir sıra ölkələrində layiqincə təmsil edib. 1991-ci ildə G.Əliyevanın vəfatından sonra ansamblın rəhbəri, Əməkdar İncəsənət Xadimi, pianosu, dirijor Həsənağa Qurbanov olub. 2007-ci ildən bu günədək isə bu musiqi kollektivinin bədii rəhbəri, tarzən, Əməkdar Artist Tariyel Abbasovdur.
Ansamblın çıxışı böyük maraqla qarşılanıb.