Bakı, 8 oktyabr, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Yozef Blatter, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) başçısı və FIFA-nın vitse-prezidenti Mişel Platini, habelə FIFA-nın baş katibi Jerom Valke 90 gün müddətinə hər hansı futbol fəaliyyətindən uzaqlaşdırılıblar. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, bu qərarı FIFA-nın etika komitəsi qəbul edib.
Bildirilir ki, 25 gündən çox olmamaq şərti ilə həmin müddət artırıla bilər. Qərar dərhal qüvvəyə minir. FIFA-nın etika komitəsinin istintaq palatasının təşəbbüsü ilə yoxlama bu qərar üçün əsas olub.
FIFA qurumun keçmiş vitse-prezidenti Çxon Mon Cunun (Koreya Respublikası) 6 il müddətinə diskvalifikasiya olunduğunu da elan edib. Üstəlik, Ç.M.Cun 100 min İsveçrə frankı məbləğində cərimələnib. Koreyalı diskvalifikasiya müddətində istər milli, istərsə də beynəlxalq səviyyələrdə futbolla bağlı hər hansı fəaliyyətlə məşğul ola bilməz.
Ç.M.Cun barəsində araşdırma FIFA-nın istintaq komitəsinin 2018-ci və 2022-ci illərin dünya çempionatlarının ev sahiblərinin seçkilərində səsvermənin yoxlanılmasının nəticələri barədə məruzəsi əsasında 2015-ci ilin yanvarında açılıb. 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun Cənubi Koreyaya veriləcəyi təqdirdə, Ç.M.Cun 2010-cu ildə futbolun inkişafına 777 milyon dollar yatıracağını vəd edib. FIFA-nın etika komitəsi bu məsələyə səslərin satın alınması ilə müqayisə olunan mənafelərin toqquşması kimi baxır.
Sentyabrın 24-də İsveçrə Prokurorluğu Y.Blatter barəsində cinayət işi qaldırıb. O, FIFA prezidentliyinə namizəd Mişel Platiniyə qurumun vəsaitindən 2 milyon İsveçrə frankı məbləğində qanunsuz haqq ödənilməsində şübhəli bilinir. M.Platini dindirmə zamanı bildirib ki, Y.Blatterdən həmin məbləği FIFA ilə müqavilə əsasında fəaliyyətinə görə alıb.
Etika komitəsinin oktyabrın 5-də başlanan iclası oktyabrın 7-də başa çatıb. İclasda M.Platini, Y.Blatter və FIFA-nın başçısı vəzifəsinə namizədliyini irəli sürmək istəyini bəyan edən Çxon Mon Cunun iştirakı ilə korrupsiya qalmaqalları müzakirə edilib.