Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının Milli.Az-a müsahibəsi.

- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində çıxışı zamanı rüşvət, korrupsiya, inhisarçılıq, sahibkarlığa süni əngəllərin yaradılması və s. edilən qanunsuzluqları qabartması, bununla bağlı ciddi xəbərdarlıq etməsi və onların aradan qaldırılması üçün tapşırıqlar verməsi ilə əlaqədar fikirlərini necə dəyərləndirirsiz? Sizcə, bu halların aradan qaldırılması üçün ilk növbədə, hansı addımlar atılmalıdır?

- Əgər ölkədə rüşvətxorluq halları varsa, onlar bütövlükdə aradan qaldırılmalıdır. Bu gün məmur məsuliyyətinin güclənməsinə ehtiyac var. Dövlətin sərvəti hər bir Azərbaycan vətəndaşınındır. Hansısa nazirlik və ya dövlət qurumu onun xərclənməsi, icrası ilə məşğul olursa, onun bu pulu xərcləməsində müstəsna səlahiyyətləri var. Belə şey yoxdur və olmalı deyil.

Mən dəfələrlə bunu demişəm. Bu gün bütün pullarımız Maliyyə Nazirliyinin ixtiyarındadır. Amma maliyyə naziri Samir Şərifov haqqında mətbuatda, başqa yerlərdə bir dənə də olsun nə rüşvətxorluq, nə də korrupsiya ilə bağlı bir kəlmə də yazılmır. Deməli, məşğul olmur ki, yazılmır. Bütün pulun üzərində oturan, ona nəzarət edən, onun xərclənməsinə görə imza atan maliyyə naziri o pulun qədir-qiymətini bilirsə, onun xərclənməsində qanun pozuntularının baş verməsinə imkan vermirsə, ondan, sadəcə, nümunə götürmək lazımdır. Belə nümunələrimiz var.
Eyni zamanda, bununla bağlı hüquq-mühafizə orqanlarının üzərinə də iş düşür. Hüquq-mühafizə orqanlarının rüşvət və korrupsiya ilə mübarizə aparmaq üçün müvafiq qurumları var. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi var. Fakt bəlli olanda onlar da kəskin reaksiyalarını verirlər. Bu İdarənin fəaliyyəti göz qabağındadır. Onun işi çox yüksək səviyyədədir və korrupsiyaya qarşı mübarizədə arıdıcıl mövqe tutur. Eyni zamanda Daxili İşlər Nazirliynin də müvafiq idarəsi də bu baxımdan fərqlənir. Bunlar var. Ancaq yalnız inzibati yolla, həbsi, korrupsiya və rüşvətxorluğun qarşısını bütövlükdə almaq mümkün deyil. Bunun üçün ölkə başçısının atdığı addımlar son dərəcə təqdirəlayiqdir və konkret nəticələrini verir. Söhbət "ASAN xidmət"in yaradılmasından və onun fəaliyyətindən gedir. Bu, çox yaxşıdır. Eyni zamanda, vəzifəyə gələn və ayrı-ayrı qurumlarda səlahiyyəti olan insanların özünün də məsuliyyəti olmalıdır. Onlar da korrupsiya və rüşvətxorluğa qarşı çox sərt mövqe tutmalı və rüşvətxorluq, korrupsiya ilə istiqamətində hər hansı addım atmasını özünə təhqir bilməlidir. Əgər məmurlarımız bu cür düşüncə ilə işləyərlərsə, təbii ki, belə neqativ hallar da olmaz.
Bir şeyi də unutmayaq ki, dünyanın bir çox ölkələrində, hətta inkişaf etmiş və demokratiyanın bərqərar olduğu Avropa ölkələrində də korrupsiya halları ilə bağlı ayrı-ayrı epizodlar olur. Biz bunun şahidi oluruq. Hətta Fransa kimi qos-qoca Avropa ölkəsində də korrupsiya halı var. Amma çalışmalıyıq ki, bunlar bizdə olmasın. Biz gənc dövlətik. Dövlətimizin qarşısında ciddi problemlər var. Bu, ilk növbədə, işğal olumuş torpaqlarımızın azad edilməsidir. Bu, Azərbaycana qarşı ən müxtəlif təhdid və təzyiqlərə dayanmaqdır. Bu, müstəqilliyimizin və dövlətçiliyimizin gücləndirilməsi kimi ciddi bir missiyanın yerinə yetirilməsidir. Ona görə də biz hər bir qəpiyin, hər manatın qədrini bilməliyik, onun oğurlanmasına imkan verməli deyilik.

- Siz məmur məsuliyyətini qeyd etdiniz. Amma bəzən məmurlar işi ilə yanaşı, övladları ilə, onların əməlləri ilə də gündəmə gəlirlər. Bununla bağlı mətbuatda neqativ, mənfi xarakterli xəbərlər az deyil.

- Bəli, bu cür hallar var. Mətbuatda bununla bağlı yazılır. Kimsə "avtoş"luq edir, kimsə qayda-qanununu pozur. Özlərini fərqli durumda hiss edərək qanunları pozurlar. Çox böyük təəssüf hissi keçirirəm ki, bu insanlar niyə yollarını elə azıblar. Bunun səbəbi odur ki, onlar zəhmətlə pul qazanmırlar. Əgər zəhmətlə pul qazansalar, heç zaman elə harınlıq, qudurğanlıq eləməzlər.
Bunula bağlı ölkə prezidenti dəfələrlə iradəsini ortaya qoyub. Bəzi məmurlar övladlarının yaramaz hərəkətlərinə görə, tənqid hədəfinə çevrilib, hətta işdən uzaqlaşdırılıb.
Mən bir müqayisə gətirəcəm. Amma düzgün başa düşmək lazımdır və istərdim ki, məni səmimi qəbul etsinlər.
Ölkə Prezidentinin övladlarına baxın. Görün onlar Azərbaycan üçün nə qədər vətənpərvərliklə, coşqu ilə xidmət edirlər. Ölkə daxilində, xaricində ən müxtəlif layihələrə imza atırlar. Adları ən yüksək səviyyələrdə, ən yüksək tribunalardan çəkilir. Budur, vətəndaşlıq mövqeyi.
Bundan başqa, ölkənin saylıb-seçilən nazirlərindən biri Kəmaləddin Heydərovdur. Onun iki oğlu var. Onlardan biri - Taleh Heydərov daha çox fəallığı ilə fərqlənir. Bəs niyə onun haqqında mənfi fikir söylənilmir? Çünki o həmin tərbiyənin sahibi deyil. Ona uşaqlıdan indiyədək düzgün tərbiyə verilib, deyilib ki, bu olar, bu olmaz. Ona görə də başını aşağı salıb, Azərbaycana xeyir verməkdə davam edir. Əvvəl Avropada faydalı fəaliyyətlə məşğul idi, indi "Qəbələ" klubunun rəhbəri kimi idmanda öz sözünü deyir. Qoy o biri məmurların övladları da bundan nümunə götürsünlər.

- Yeri gəlmişkən, sizin son günlər bəzi yüksək vəzifəli məmurlara, eləcə də özəl şirkətlərə qarşı tənqidi, bəzən isə ittiham xarakterli fikirləriniz birmənalı qarşılanmır.

- Mən fikrimi hər zaman bildirmişəm və gördüklərimi, müşahidələrimi heç kimdən çəkinmədən ifadə etmişəm. Çox xahiş edərdim ki, bu cür düşünən insanlar internetdə axtarışda "Fəzail Ağamalı" yazsınlar, görərlər ki, ayrı-ayrı KİV-lərdə, saytlarda fikirlərimi hər zaman açıq söyləyən adam olmuşam. Birmənalı olaraq Azərbaycan dövlətçiliyinə xələl gətirən, ziyan vuran, təhlükə törədən, Azərbaycan xalqının maraqlarına zidd hərəkət edən, varlanmağa üstünlük verən, xalqın malını oğurlayanlara qarşı mənim birmənalı olaraq mənfi münasibətim olub. Bu gün də var, sabah da olacaq. Konkret adlara gəldikdə isə əgər jurnalist konkret sual verirsə və o suala görə mən konkret kiminsə adını çəkirəmsə, bu, o demək deyil, mən kimdənsə vaxtilə çəkinmişəm. Yox, sadəcə olaraq, konkret suala konkret cavab verməyə çalışıram.

- Bəziləri hətta deyir ki, Fəzail Ağamalı bununla seçkiqabağı xal qazanmağa çalışır və ya kimdənsə umacağı var.

- Onu deyənlər çox böyük səhvə yol verir. Fəzail Ağamalının namizədliyini irəli sürdüyü dairə Salyan-Neftçala seçki dairəsidir. Oradakılar kənddə yaşayanlar insanlardır. Onların işi-gücü mətbuatla, internetlə deyil, təsərrüfatla məşğul olmaqdır. Onlar belə şeylərdən uzaqdırlar. Ona görə də mənim bu cür divident qazanmağa ehtiyacım yoxdur. Mən 20 ildən çoxdur siyasətdəyəm. Tanıyan da məni yaxşı tanıyır.
Maddi umacağımın olmasına gəlincə, bunu deyənlər başından böyük qələt edir. Mənim heç kimdən maddi umacağım yoxdur. Buna ehtiyacım da yoxdur. Mən ayağımı yorğanıma görə uzadan, öz imkanlarımla yaşayan insanam və Fəzail Ağamalının da ləyaqətini satın alan hələ dünyaya gəlməyib. Onu kim deyibsə, şərəf və ləyqaətimə toxunduğuna görə qanun qarşısında və mənim qarşımda cavab verməli olacaq.
Onlara müraciət edərdim ki, hamını öz arşınları ilə ölçməsinlər. Hər kəsin demiş olduğu fikirləri bu şəkildə ifadə etməsinlər. Çox ehtimal ki, onlar elə mənim tənqid hədəfimə düşənlərin əlaltılarıdırlar. Onlara deyirlər ki, Fəzail Ağamalı haqqında belə şeyləri yazın. Onlar kimdir ki, Fəzail Ağamalının onlardan maddi umacağı olsun? Heç kim! Mənim üçün onlar heç kimdir.

İlkin İzzət
Milli.Az