“19 ildir Opera və Balet Teatrının solistiyəm. “Aşıq Qərib” operasında baş rolu, “Leyli və Məcnun” operasında Zeyd, İbn Salam və ata rollarını ifa etmişəm. Hətta Məcnun rolunu hazırladım, amma qaldı”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Akademik Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov deyib.
Xanəndə qeyd edib ki, fəxri adı olmadığı üçün çox da narahat deyil: “Fəxri adım olmadığına görə narahatlıq keçirmirəm. Zamanla olacaq. Son 3-4 ildə fəxri adlar dəbə minib. Hacıbaba Hüseynova 70 yaşında əməkdar artist, ölümünə yaxın isə xalq artisti adını verdilər. İndi bu məsələdə gəncləşmə gedir. 20 yaşında əməkdar artist, 30-35 yaşında isə xalq artisti adını alırlar”.
Mütəllim Dəmirov 20 il öncə böyük bir müsabiqədə qalib gəldiyini vurğulayıb. Onun sözlərinə görə, müsabiqədə finala qalmayanlar belə ad qazanıblar: “1995-ci ildə M. Füzulinin 500 illik münasibətilə xanəndələr arasında müsabiqə keçirilib. Son nəticədə 120 iştirakçıdan ancaq 4-ü seçildi. Mən də seçilmişlər arasında idim və sonda 1-ci yerə layiq görüldüm. Həmin müsabiqədə seçilməyən uşaqların əksəriyyəti indi əməkdar, xalq artistləridir. Bircə mən uzaq qalmışam. Səbəb budur ki, gözə girmirəm, qapıları döymürəm. Belə şeylər var, görürük. Efir üçün 1500, 2000, 3000 pul istəyirlər. Ayda 270 manat maaş alıram. Belə çıxır ki, 3-4 il işləyib, bu pulu yığmalıyam, aparıb verməliyəm ki, məni efirə çıxarın. Gedib Opera və Balet Teatrının solisti olduğunu deyirəm, cavab bu olur: “nə olsun?”. Onu da deyim ki, mən fonoqrama qarşıyam. Sənət o zaman seçiləcək ki, canlı ifa nümayiş olunacaq”.
İfaçı qeyd edib ki, yarışmalarda iştirak etmir, dövlət tədbirlərinə isə dəvət etmirlər: “Mən o yaşda deyiləm ki, gənclərlə festivallara, müsabiqələrə çıxım. Dövlət tədbirlərində isə yenə də ayrı-seçkilik edirlər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənir. Tədbirə kimin gedəcəyini onlar müəyyən edir. İndiyə qədər mənə təklif olmayıb. Bunun üçün gərək qapı döyəsən”.
Gənc tarzən Ruslan Zərbəliyev də xanəndənin fikri ilə razılaşıb: “Mütəllim müəllim və digər gənc xanəndələrlə çıxış edirəm. O ki, qaldı fəxri adlar məsələsinə, Mütəllim müəllimlə həmfikirəm. Əvvəllər 50 yaşında əməkdar, 70 yaşında xalq artisti adını alırdılar. Daha gənc yaşda alınması da yaxşıdır. Amma gənc yaşda xalq artisti adını alanda sənət bitir, stimul olmalıdır. O zaman fəxri adların gec verilməsi həm də stimul yaradırdı”.