Bakı, 22 oktyabr, AZƏRTAC
Koreya Respublikasının Dequ şəhərində Kenyunq Universitetinin təşkilatçılığı ilə “İpək yolunda incəsənət və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda Ş.Mustafayevin “Çinə göndərilən Teymuri səfirliyi və onun XV əsr Azərbaycan dilli əlyazmasında təsviri” və Fərda Əsədovun “İpək yolunun üzərində Xəzər xaqanlığı: Xəzər tacirləri və malları” mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanlı alimlər, eyni zamanda Koreyada keçirilən UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Akademik şurasının illik iclasında iştirak ediblər. İclasda İnstitutun illik fəaliyyəti, yeni elmi proqramı və layihələri müzakirə edilib.