20 il, 2 klub və ya 7 oğul istərəm - ŞƏRH

20 il, 2 klub və ya 7 oğul istərəm - ŞƏRH
17:54 11 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan üçün avrokuboklarda yubiley - sayca 20-ci mövsüm başa çatdı. 2015/16 mövsümdə qrupda ilk dəfə iki təmsilçimizin olmasıyla kimi tarixə düşdü. Ancaq “Qarabağ”la “Qəbələ”dən heç biri 1/16 finala çıxa bilmədiyindən, bu ilkə imza atmaq ən azı daha 1 il gözləməli olacağıq.

 

"Qarabağ"la "Qəbələ"nin siftələri

 

Həm “Qarabağ”, həm də “Qəbələ” siftə etdilər. Əslində, “Qəbələ” iki ilkə birdən imza atdı. Bu, həm ilk dəfə qrupa düşməyi, həm də mübarizəyə ilk təsnifat mərhələsindən başlayaraq qrupa düşən ilk Azərbaycan klubu olmasıdır. “Qarabağ” isə 2-ci (özü də ardıcıl) qrupda oynayan ilk və yeganə klubumuzdur.

Ümumiyyətlə, bu mövsüm ilklər sarıdan bol oldu. Digər təmsilçilərimizdən “İnter” nəhayət, 2 mərhələ adladı. “İnter”in “Atletik”lə düşməsiylə Azərbaycanla İspaniya klubları ilk dəfə avrokuboklarda üzləşdilər. Bu, “Qarabağ”la “Tottenhem”in timsalında Azərbaycan-İngiltərə duelinə də aiddir.

 

Yalnız "Neftçi"nin məğlubiyyəti olmadı

 

Bu mövsüm klublarımız ümumilikdə 34 oyun keçirdilər. Bunlardan 14-ü “Qəbələ”nin, 12-si “Qarabağ”ın, 6-sı “İnter”in, 2-si “Neftçi”nin hesabındadır. “Qarabağ” digər 3 klubdan fərqli olaraq Avropa Liqasıyla yanaşı, Çempionlar Liqasında oynadı. “Neftçi” ilə “İnter”in nəticələrində heç-heçələrin çoxluğu diqqət çəkir. “Ağ-qaralar” Çernoqoriya “Mladost”uyla hər 2 oyununu heç-heçə (evdə 2:2, səfərdə 1:1, topların fərqi 3-3) başa vuraraq öz meydanında daha çox top buraxdığına görə mübarizədən kənarda qaldı. “İnter” 6 oyundan 4-də rəqibləriylə bərabərə qaldı (Albaniya “Laçi”sini səfər qoluyla keçdi), 1-də qalib gəldi, 1-də uduzdu (topların fərqi 5-6).

“Qəbələ” 14 oyundan 3-də qalib gəldi, 5-də heç-heçə etdi, 6-da uduzdu (topların fərqi 11-18). “Qarabağ” isə 12 matçdan 4 qələbəsi, 3 heç-heçəsi, 5 məğlubiyyəti oldu (9-9). Qurban Qurbanovun komandası ötən il 6 xalla qrup üçüncüsü olmuşdusa, bu dəfə 4 xalla son pilləni tutdu.

Beləliklə, klublarımız 8 qələbə, 12 heç-heçə və 12 məğlubiyyəti oldu (topların fərqi 28-36). Maraqlıdır ki, “Neftçi” mübarizəni ən tez dayandıran olsa da, turniri məğlubiyyətsiz tərk etdi. Yeganə böyük hesablı qələbə “Qarabağ”ın “Yanq Boyz” üzərində 3:0 hesablı qalibiyyəti oldu.

 

Yeddi oğul istərəm...

 

Qrupda əvvəlki 2 mövsümdə qol vuran futbolçular arasında yerlilər olmuşdu. Bu, 2012-ci ildə “Neftçi”də yarımmüdafiəçi Rəşad Sadiqov, 2 il sonra “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun idi. Yeri gəlmişkən, onlar bu mövsümdən “Qəbələ”də komanda yoldaşıdır. Ancaq bu dəfə qrupda qol vuran yerli futbolçu olmadı.

“Qəbələ”nin hər 2 qolunun müəllifi braziliyalı kapitanı Luis Hilario Dodo oldu. “Qarabağ”ın 4 qolundan 2-si braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın adına yazıldı. İspan yarımmüdafiəçi Dani Kintanayla isveçli hücumçu Samuel Armenteros hərəyə 1 dəfə fərqləndi. Riçardla Dodo hərəyə 4 qolla bombardirlərimiz oldular.

“Neftçi”də qol vuranlar yerli futbolçulardır. Bunlar Araz Abdullayevlə Kamal Qurbanovdur. “İnter”də azərbaycanlılardan Rauf Əliyevlə Abbas Hüseynov, “Qəbələ”də Cavid Hüseynovla Asif Məmmədov fərqləndi. 20 yaşlı Hüseynov ən gənc qol vuranımız oldu. “Qarabağ”ın qol vuran yerli futbolçu isə yalnız yarımmüdafiəçi Əfran İsmayılov oldu. Beləliklə, qol vuran azərbaycanlı futbolçuların sayı 7 nəfər oldu.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR