Futbolda 2015-ci ilin ən əlamətdar hadisələri

Futbolda 2015-ci ilin ən əlamətdar hadisələri
15:47 1 Yanvar 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Geridə qalan 2015-ci il dünya futbolunda bir sıra hadisələrlə əlamətdar oldu. Milli.Az goal.az-a istinadən bu ilin ən mühüm hadisələrini təqdim edir.

"Barcelona"nın "penta-trik"i

2015-ci il "Barcelona" üçün möhtəşəm alındı. Qeyd etmək lazımdır ki, il katalonlar üçün heç də mükəmməl başlamamışdı. Messi və Luis Enrike arasında məlum konflikt, komandanın bir neçə oyunda qələbə qazana bilməməsi azarkeşləri narahat edirdi. FİFA-nın transfer qadağası səbəbindən heyətdə yeni futbolçunu qeydiyyatdan keçirmək hüququndan məhrum edilən klub qısa müddətdə vəziyyəti yaxşılığa doğru dəyişdi. ÇL-nın finalında "Juventus" 3:1 hesabıyla məğlub edildi. Avropa Superkuboku uğrunda dramatik qarşılaşmada "Sevilla" (5:4) katalon klubuna təslim oldu. "Barca" yalnız İspaniya Superkubokunu "Athletic"ə güzəştə getdi. Beləliklə, Luis Enrikenin yetirmələri təqvim ilini 5 titulla başa vurdu.

"Sevilla"nın Avropa Liqasını qazanması

Əndəlus təmsilçisi Avroliqada ardıcıl 2 dəfə çempion olmaqla rekord müəyyənləşdirdi. Yayada komandanı Karlos Bakka, Aleyş Vidal, Stefan M`bia tərk etsə də, komanda Çempionlar Liqasında da normal çıxış edərək yenidən Avroliqaya vəsiqə qazandı.

Amerika Kuboku

Çili uzun müddətdən sonra öz meydanında təşkil olunan Amerika kubokunda qalib gəlməklə titula sahib çıxdı.

Mourinyonun tənəzzülü

Portuqal mütəxəsisin rəhbərliyi altında "Chelsea" ötən mövsümü çempion kimi tamamlamışdı. Lakin 2015/16 mövsümünə çox pis başlayan komanda daxilində Eva Karneyro və Mourinyo arasında konflikt də müzakirə mövzusuna çevrildi. Daha sonra Fabreqas və Eden Hazar da daxil olmaqla bir neçə futbolçunun portuqal mütəxəsisdən narazılığı barədə xəbərlər meydana çıxdı. Komandanın uğursuz nəticələri isə Roman Abramoviçin köhnə dostuna qapını göstərməsi ilə nəticələndi.

Hollandiya millisinin fiaskosu

2014 mundialında bürünc medallara sahib çıxan "narıncılar"ın Avropa çempionatından kənarda qalması futbol ictimaiyyətində böyük təəccüb doğurdu. AVRO-2016-nın təsnifat mərhələsində Türkiyə, İslandiya, Çexiya, Latviya və Qazaxıstanla eyni qrupda yer alan komanda Quus Hiddinkin rəhbərliyi altında heç özünə bənzəmədi. Zədə ucbatından Aryen Robbenin həlledici oyunlarda forma geyə bilməməsi, zəif oyun planı və aparıcı futbolçuların özünü lazımi tərəfdən göstərə bilməməsi hollandların 13 xal toplaması və qrupu 4-cü pillədə başa vurması ilə nəticələndi. Bundan sonra Denni Blind "narıncılar"ın baş məşqçisi təyin olundu.

FİFA-da baş verən korrupsiya qalmaqlı

Mayın 29-da Sürixdə keçirilən FİFA-nın növbəti prezident seçkilərində Yozef Blatter növbəti dəfə qurumun rəhbəri seçildi. Bundan sonra İsveçrə təhlükəsizlik orqanları və ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən aparılan əməliyyat nəticəsində FİFA-nın 5 məmuruna həbs qoyuldu. Araşdırma nəticəsində 2011-ci ildə Blatterin UEFA prezidenti Mişel Platiniyə 2 milyon avro verdiyi ortaya çıxdı. Bunun nəticəsində FİFA Etika Komitəsi hər iki qurumun rəhbərini 90 gün müddətinə vəzifə səlahiyyətini icra etməkdən məhrum etdi. Bundan sonra komitə Platini və Blatteri 8 il müddətinə futboldan uzaqlaşdırdı.

"İlin futbolçusu"

2015-ci ilin ən yaxşısı, şübhəsiz ki, Lionel Messidir. Komandası ilə 5 titula sahib çıxan və iştirak etdiyi bütün turnirlərdə fərqlənən argentinalı ulduz, böyük ehtimalla 5-ci dəfə "Qızıl top" mükafatına sahib çıxacaq.

"İlin kəşfi"

Ötən mövsüm Avroliqanın qrup mərhələsində təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparan "Dnepr" klubu hər kəsi təəccübləndirdi. Qrupdan çətinliklə çıxan Dneprepetrovsk klubu turnirin finalına qədər irəliləməyə nail oldu. Varaşavanın "Milli satdionu"nda baş tutan final qarşılaşmasında da əzmkarlıq göstərməsinə baxmayaraq, Miron Markeviçin komandası "Sevilla"ya 2:3 uduzdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR