BANM tələbəsi, Prezident təqaüdçüsü Hüseyn Nəcəfov: "Hədəfim bu Ali Məktəbə qəbul olmaq olub"

BANM tələbəsi, Prezident təqaüdçüsü Hüseyn Nəcəfov: "Hədəfim bu Ali Məktəbə qəbul olmaq olub"
10:43 7 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəcəfov Hüseyn Məzahir oğlu 7 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində anadan olub. O, orta təhsilinə 2004-cü ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbdə başlayıb və bu məktəbi qızıl medal ilə bitirib. 2015-2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür. Hüseyn Nəcəfovun orta məktəbdən qızıl medalla başlayan uğurunun onu ali təhsil müəssisəsinədək müşayiət etməsi və “Prezident təqaüdçüsü” kimi şərəfli ada layiq görülməsi hazırda təhsil aldığı Bakı Ali Neft Məktəbində qazanacağı uğurlarının davamlı olacağına zəmin yaradır. Hüseynlə söhbətə qəbul imtahanı, imtahanın gedişi, uğura çatmaq və tələbəliyin ilk mərhələsi haqqında fikirlərlə başladıq. İlk sualımız qəbul imtahanı haqqında oldu.

- Hüseyn, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yada qalıb?

- Qəbul imtahanı mənim üçün gözlədiyimdən də yaxşı keçdi. Həyəcanlı deyildim, çünki son iki ay ərzində əvvəlki illərdə istifadə olunmuş TQDK-nın təşkil etdiyi qəbul və sınaq imtahanlarının sualları ilə məşğul olmuşdum və imtahana necə tip sualların düşəcəyini təxmin edə bilirdim. İmtahandan sonra müəllimlərim sual kitabçasını yoxladılar. ”İngilis dili” fənninə qədər hər şey əla idi. Lakin məhz bu fəndən bir səhvim olmuşdu, bu səhv isə səhv etməmək üçün ən sona saxladığım sual idi. Buna baxmayaraq, sonda nəticəm məni çox xoşbəxt etdi.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Oxuduğum hazırlıq kursunun və TQDK-nın təşkil etdiyi sınaqlarda əldə etdiyim ən yüksək nəticə 695 bal olub. Buna görə də qəbul imtahanında topladığım bal mənim üçün gözlənilməz olmadı.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

- Məncə, abituriyent hansı mövzuda çətinliyinin olduğunu bilməlidir. Bu çətinlikləri aşkara çıxarmaq və aradan qaldırmaq üçün isə çoxlu test etməlidir, gələcəkdə işləmək istədiyi ixtisası hədəf seçib bu hədəfə nail olmaq üçün böyük həvəslə çalışmalıdır.

- Niyə məhz bu ixtisası və BANM-ni seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Texnologiyaya həddindən artıq marağımın olması və yüksək səviyədə təhsil alıb savadlı kadr kimi yetişmək arzusu mənim BANM-ni seçməyim üçün kifayət idi. Buna görə də bu ali təhsil ocağı yaranandan bəri hədəfim bu Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmaq olub.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?

- Abituriyentlərə demək istərdim ki, hansı ixtisası seçməyinizdən asılı olmayaraq, çalışın dünyagörüşünüzü, kompyüter və ingilis dili biliklərinizi artırasınız. BANM-də təhsil almağı arzulayan abituriyentlər bəzi müvəqqəti çətinliklərə hazır olmalıdırlar və unutmamalıdırlar ki, çəkdikləri əziyyətin qarşılığını hər zaman alacaqlar. Ona görə də fəal olmalı, burada tədris olunan yüksək səviyyədə kompyüter, ingilis dili və ixtisas biliklərinə dərindən yiyələnməlidirlər.

- Özünü gələcəkdə harda görürsən?

- Özümü gələcəyin ixtisaslaşmış mühəndisi və bəzi icadların yaradıcısı kimi görürəm.

- Hansı məşğuliyyətlərin var? Humanitar fənlərlə və ədəbiyyatla maraqlanırsan?

- Boş vaxtlarımda texnologiya ilə bağlı onlayn olaraq araşdırmalar edirəm, dostlarımla virtual olaraq futbol oynayıram. Humanitar fənlərdən “Coğrafiya”ya çox marağım var, bədii əsər oxumağı da sevirəm. Daha çox detektiv janrda olan bədii kitablar oxuyuram.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR