A–
Bakı, 30 yanvar, Flora Şükürova. AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Gəncədə dünyaya göz açan Mobil Babayev Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Bəstəkarın ilk mahnılarından biri, sözləri Zeynal Vəfaya məxsus "Vəfalı dost" olub. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. O, bir sıra simfonik orkestr üçün yazılmış əsərlərin, lirik mahnıların müəllifidir. Bəstəkar, həmçinin 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmlər üçün də musiqilər yazıb.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayiəti ilə bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olunub.

