A–
Bakı, 3 fevral, Elvin Camalov, AZƏRTAC
Somalidən Cibutiyə uçan “Daallo Airlines” aviaşirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsində havaya qalxdıqdan sonra partlayış baş verib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində təyyarənin gövdəsi deşilib. Sərnişinlər oksigen maskalarından istifadə etmək məcburiyyətində qalıblar, onlardan 2 nəfəri xəsarət alıb.
Partlayışdan sonra Somalinin paytaxtı Moqadişoya təcili eniş edən təyyarədə ekipajla birlikdə 62 nəfər olub.
Qeyd edək ki, xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Sərnişinlərin bir qisminin bu gün başqa bir təyyarə ilə Cibutiyə göndərilməsi gözlənilir. Partlayışın səbəbləri araşdırılır.