A+
A–

Bakı, 5 mart, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin növbəti konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Jozef Haydnın 45№li Vida simfoniyası və Alfred Şnitkenin “Bir saylı simfoniyası” səslənib. Orkestrə Fuad İbrahimov dirijorluq edib.
Bəstələnmə tarixləri arasında təxminən iki yüz il fərq olan bu iki əsərin arasında qəribə bir ruh yaxınlığı duyulurdu. Orkestrin ilhamlı ifası isə bəstəkarların ifadə etdikləri duyğuları dinləyicilərə tam dolğunluğu ilə çatdırırdı.
Qeyd edək ki, bu, post-avanqard cərəyanına aid edilən musiqi əsərlərinin ifası üçün yaradılmış “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin builki sənət mövsümündəki ikinci konserti idi. Tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevin rəhbəri olduğu layihənin növbəti bahar konsertləri aprel ayında keçiriləcək.
AZERTAG.AZ :“Zamanla üz-üzə” IV müasir musiqi layihəsi çərçivəsində növbəti konserti