Salyan, 17 fevral, AzərTAc
Salyanda rayon gənclərinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda görüş keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon gəncləri ilə yanaşı ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Ölkədə gənclərə qayğıdan və onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.
Sonra çıxış edən rayon prokuroru Firdovsi Nemətli, rayon polis şöbəsinin rəisi Namiq Həsənov gənclər arasında təsadüf edilən narkomaniya və digər zərərli vərdişlərlə effektiv mübarizənin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu kimi neqativ hallara qarşı mübarizədə profilaktik tədbirlərə geniş yer verilməli, gənclərin asudə vaxtları daha səmərəli təşkil olunmalıdır.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.