Azərbaycan prezidentinin Ankaraya son səfəri və orada dediyi sözlər Türkiyə dövləti üçün yüksək səviyyədə təsəlliverici rol oynadı. Azərbaycan və Türkiyə prezidentlərinin bu görüşü iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, bu istiqamətdə daha əhəmiyyətli səhifənin əsasını qoydu.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzail Ağamalı deyib.

Bu, bütövlükdə dosta və düşmənə ciddi mesaj oldu

Millət vəkilinin fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də Ankaraya səfər etməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə nəinki strateji müttəfiq, eyni zamanda dost və qardaş ölkələrdir:

"Ankarada ardıcıl terror aktlarının törədilməsi və çoxsaylı insan ölümünün baş verməsi 2 dəfə R.T.Ərdoğanın Azərbaycana planlaşdırılan səfərlərini əngəllədi. Baxmayaraq ki, Türkiyə prezidenti ikinci dəfə Bakıya səfərini qətiləşdirmişdi, amma xoşagəlməz situasiya yarandığından səfərini təxirə salmalı oldu. Düzdür, Şuranın 5-ci iclası Bakıda keçirilməli idi, lakin Azərbaycan prezidenti İlham Əliyevin bu addım atması son dərəcədə qardaşlıq jesti idi. Bu təkcə iclasın Ankarada keçirilməsi baxımından deyil, həm də baş vermiş faciə ilə bağlı Azərbaycan prezidentinin Türkiyə prezidenti və Azərbaycan xalqının Türkiyə xalqının yanında olmasının, birliyin, qardaşlığın nümayişi idi.

Səfər zamanı müzakirələr və danışıqlar yüksək səviyyədə həyata keçirildi, müvafiq sənədlər imzalandı. Düzdür, bütün bunların hamısı öncədən nəzərdə tutulmuşdu, lakin hər şeydən əvvəl diqqəti cəlb edən cənab İlham Əliyevin orada yüksək səviyyədə qarşılanması, görüşlərin çox səmimi və isti şəraitdə keçməsi, iki dövlət başçısının bir-birini qardaş kimi qucaqlayaraq bütün dünyaya bir olduqlarını nümayiş etdirməsi, bir çox ölkələrə, bütövlükdə dosta və düşmənə ciddi mesaj oldu. Ölkə başçısının sözlərinə görə, Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir və Türkiyənin gücü Azərbaycanın gücü deməkdir, bu dostluq, qardaşlıq əbədi və sarsılmazdır. Bütün bunlar dünyaya yayıldı və hər kəs bildi ki, Azərbaycan və Türkiyənin dostluq və qardaşlığı sarsızlmazdır və heç bir qüvvə onu əngəlləyə, qarşısını ala bilməz".

İlkin İzzət
Milli.Az