Bu il ilk tammetrajlı bədii filmimiz olan "Neft və milyonlar səltənətində"nin çəkilməsindən yüz il ötür. Milli.Az bu münasibətlə "Yüz illik kinomuz" adı altında təqdim etdiyi silsilə yazılarda kinoşünaslarla bərabər ötən yüz ilə nəzər salacaq.
Bu dəfə yüz illik kinomuza kinossenarist Əyyub Qiyasın gözü ilə baxacağıq.

Əyyub Qiyas deyir ki, Azərbaycan kinosunun tarixi daha əvvəldən - 1898-ci ildən, fotoqraf Mişonun çəkdiyi hərəkətli kadrlardan və bədii süjetlərdən başlayır. "Neft və milyonlar səltənəti" filmi isə bizim ilk tammetrajlı süjetli filmimiz kimi tarixdə qalıb: "Ötən illər ərzində milli kinomuzda uğurlu və uğursuz işlər çox olub. Məsələn, "Arşın mal alan" (1945-ci ildə lentə alınan Rza Təhməsibin filmi) filmi Azərbaycan kino tarixində ən çox nümayiş olunan və dünyanın yüzlərlə ölkəsinin ekranlarında göstərilən film kimi yadda qalıb. Kinorejissor Hüseyn Seyidzadənin "O olmasın bu olsun" filmi, mən deyərdim ki, canlı ensiklopediyadır, çünki dövrün bütün tanınmış aktryorları həmin filmə toplaşıb. Həmin missiyanı illər sonra Vaqif Mustafayev təkrarlayıb və "Bəyin oğurlanması" filmində də biz başqa bir dövrün yaradıcı mənzərəsini görürük. Geriyə boylananda enişli-yoxuşlu bir mənzərə görünür - kinonun müxtəlif vaxtlardakı dirçəliş və yox olmaq təhlükəsi ilə üzləşdiyi mənzərə".

Müsahibimiz hesab edir ki, ötən yüz ildə adları çəkilən şəxslər kino tariximizin incilərini yaradıblar: "Həsən Seydibəylinin, Arif Babayevin, Tofiq Tağızadənin, Rasim Ocaqovun, Şamil Mahmudbəyovun, Eldar Quliyevin, Əlisəttar Atakişiyevin, Vaqif Mustafayevin filmləri milli kino tariximizin inciləridir. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan heç vaxt kino çəkməsə idi və bircə "Bizim Cəbiş müəllim" filmini lentə alsa idi, biz həmin filmlə özümüzü kino ölkəsi kimi təqdim edə bilərdik. Ötən 100 ildən artıq bir zamanda "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Yeddi oğul istərəm", "Bir cənub şəhərində" kimi filmlərimiz var. Amma təəssüf ki, zəif filmlərimiz daha çoxdur. Təəssüf doğuran başqa bir hal oldur ki, biz Azərbaycan kino məktəbini yarada bilməmişik. Məsələn, dünya kinosunda İtaliya kinosu, Amerika kinosu, Fransa kinosu, rus, gürcü kinosu məktəbi var, bu, bir estetik yanaşmadır, üslubdur. Biz isə hər filmimizdə bir məktəbə istinad etmişik, ona görə də dünyada Azərbaycan kinosu deyilən bir fakt yoxdur. Hüseyn Seyidzadə bu məktəbə bir qədər yaxınlaşır, amma zamanında adamı o qədər incidibər, o qədər təzyiqlərə məruz qalıb ki, "Koroğlu" kimi zəif bir filmi də o çəkib".

Bəs Azərbaycan kinosunda hansı onillik daha parlaq olub?

"Birmənalı şəkildə deyə bilərəm ki, ötən əsrin 60-70-ci illəri milli kinomuzun intibah dövrüdür. Bu dövrdə janrından asılı olmayaraq çəkilən filmlərin, demək olar ki, böyük əskəriyyəti Azərbaycan tamaşaçısının yarım əsrdən çox bir müddətdə yorulmadan, sevərək baxdığı filmlərdir. Özü də, demək olar ki, müxtəlif nəsillərin tamaşaçıları bu filmlərə eyni maraqla və dəfələrlə baxa bilirlər".

Yüzilliyin ən uğurlu filmlərinə gəldikdə isə, kinossenarist adıçəkilən filmlərə bunları da əlavə edə biləcəyini söyləyir: "O siyahıya, "Axırıncı aşırım", "Dəli Kür", "Ulduzlar sönmür", "Yaramaz", "Sehirli xalat", "Gün keçdi", "Görüş" və başqa filmlərlə davam etmək olar".

Bəs hansı rejissor, operator, aktyor, aktrisa kinomuza öz möhürünü vura bilib?

Həmsöhbətimiz bu suala ancaq subyektiv cavab verə biləcəyini deyir: "Rejissor kimi Həsən Seyidbəyli "Bizim Cəbiş müəllim" filmi ilə, ssenarist kimi Ramiz Fətəliyev "Yaramaz" filmi ilə, operator kimi Rasim Ocaqov "Bir cənub şəhərində" filmi ilə, kino rəssamı kimi Nadir Zeynalov "Bir qalanın sirri" filmi ilə, bəstəkar kimi Emin Sabitoğlu "Gün keçdi" filmi ilə, aktyor kimi Süleyman Ələsgərov "Bizim Cəbiş müəllim" filmi ilə, aktirsa kimi Şəfiqə Məmmədova yenə də "Bizim Cəbiş müəllim" filmi ilə kino tariximizdə öz möhürünü vura bilib. Amma bu siyahını çox uzatmaq olar..."

Əyyub Qiyasa görə, milli kinomuzda Bakı, bakılılar, yəni şəhər mövzusu daha uğurla işlənib. Bunun da koloritlə bağlı olduğunu hesab edir: "Məsələn, Eldar Quliyev, Rüstəm İbrahimbəyov və Rasim Ocaqov üçlüyü "Bir cənub şəhərində" filmini bir yerdə işləyiblər. Adıçəkilən filmdə kolorit o qədər zəngindir ki, adamı hadisələrin içinə salır. Əslində, incəsənətin qayəsi budur. Təqdimat elə olmalıdır ki, tamaşaçı bir anlıq özünü unutsun. O ki qaldı filmə, mənə elə gəlir ki, onu ərsəyə gətirənlər nə çəkdikərini gözəl bildikləri üçün film yaxşı alınıb. Təəssüf ki, əksəriyyət "kinoşniklər" çox vaxt nə çəkdiklərini bilmirlər, sadəcə, "motor" və "stop" komandası verməklə film çəkmək missiyasını tamamlayırlar".

Sevinc Fədai
Milli.Az