Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Fanat.az xəbər verir ki, Qarabağ döyüşlərində şəhid olmuş Milli Qəhrəmanımızın 70 yaşı tamam olur.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. 7 qız övladından sonra dünyaya gələq şəhidimizə buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoyub.
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olub.

1976-cı ildə klubun baş məşqçisi təyin edilib və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu deyib: "İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi".
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak edib. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb.

O, Azərbaycan tarixinə 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşüb. Milli Qəhrəman 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. Allahverdi Bağırov doğulduğu Ağdam rayonunda dəfn edilib.
Bəzi məlumatlara görə, Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərdəbn o, qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilib.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2014-ci ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən: "Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi..."
Allahverdi Bağırov şəhid olarkən ailəli olub. Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.
Fanat.az-ın kollektivi Allahverdi Bağırova və bütün şəhidlərimizə Allahdan rəhmət diləyir. Məkanınız cənnət olsun!


Fanat.az