Bu gün Topaz Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Günə mərkəzi görüşlə start veriləcək. Premyer Liqadakı ilk mövsümünü gümüş medalla başa vurmağa yaxın olan debütant “Zirə” bürünc medallar uğrunda mübarizə aparan “Qəbələ”ni qəbul edəcək. Adil Şükürovun komandası sona iki tur qalmış artıq gümüş meadlları özü üçün təmin edə bilər, bunun üçün onlar doğma meydanda qalib gəlməli, “Kəpəz” isə büdrəməlidi. Qonaqların da öz hesabları var. Belə ki, Roman Qriqorçukun yetirmələri ikincilik üçün nəzəri şansları saxlamaqla yanaşı, üçüncülükdən də əl üzməmək üçün səfərdən mütləq 3 xalla dönməlidilər.
“Qəbələ”nin “bürünc” uğrunda mübarizədəki əsas rəqibləri “Kəpəz” və “İnter”i nisbətən asan oyunlar gözləyir. “Bankirlər” Bayıla, “Rəvan” səfərinə yollanacaqlar. Üç oyunluq qələbə həsrətinə son qoymaq üçün əla şansa mailk olan Zaur Svanadzenin yetirmələri tarixi boyu “Rəvan”a bir xal belə verməyib. Bəhmən Həsənov və komandası isə sensasiyaya imza ataraq, “Xəzər Lənkəran”ın potensial uğursuzluğu sayəsində sonuncu pillədən qurtulmaq istəyir.
Ardıcıl 3-cü qələbəsini qazanmağa iddialı “Kəpəz” 3-cü pillədəki yerini möhkəmlətmək və “Zirə”yə yaxınlaşmaq üçün Lənkərandan itkisiz dönməlidi. Artıq 21 turdu qələbə qazanmayan cənublular doğma azarkeşlər önündə seriyasını qırmağı arzulayır.
Masazırda keçiriləcək “Neftçi” - AZAL oyunu da maraqla gözlənilən qarşılaşmalardan biridi. Hər iki kollektiv 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmağa iddialıdı. Nominal meydan sahibləri rəqibi ilə aradakı 5 xallıq fərqi azaltmaq üçün həm də 3 oyunluq qələbəsizlik seriyasına son qoymalıdı. Tərlan Əhmədovun komandası isə qalib gələcəyi halda, indi qərarlaşdığı 6-cı pillədən də irəli getmək imkanına malik olacaq.
Günün ən intriqasız oyunu isə “İnter Arena”da olacaq. “Qarabağ” “Sumqayıt” məhz bu stadionda sınağa çəkəcək. Artıq çempionluğu rəsmiləşdirən ağdamlılarla yanaşı “kimyaçılar” üçün də nəticənin heç bir əhəmiyyəti olmadığını nəzərə alsaq, oyuna marağın olmayacağını təxmin etmək olar. Yeganə stimul isə Qurban Qurbanovun yetirmələrinin ardıcıl 10-cu qələbələrini qazanmaq istəyi ola bilər.

Premyer Liqa
2015/16 mövsüsü
IV dövrə, XXXIII tur

7 may
15.00 Zirə - Qəbələ
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

16.00 Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17.00 Rəvan - İnter
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bayıl Arena”.

19.00 Qarabağ - Sumqayıt
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
“İnter Arena”.

19.05 Neftçi - AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
“Əlincə Arena”.

Fanat.az