Qafqazın ilk FM stansiyası olan ANS ÇM radiosu ad gününü qeyd edib.
ANS PRESS-in məlumatına görə, ANS ÇM 28 May - Respublika günü, həm də 22 yaşını dinləyiciləri ilə bərabər qeyd edib. Bu münasibətilə Yasamal rayonu ərazisində yerləşən parkda möhtəşəm bayram konserti təşkil edilib.
22 il əvvəl mayın 28-də Azərbaycanın radio dalğalarında hələ heç kəsin öyrəşmədiyi janrda və intonasiyada səs eşidildi. Ölkə radiolarının o zamankı başdan-ayağa rəsmi efir tonu ilə uzlaşmayan, orta və uzun dalğalarda, daha çox sovet ənənələri əsasında tərtib edilən proqramlardakı səslərdən fərqlənən bu səs Vahid Mustafayevin səsi idi. Azərbaycanda ilk FM radiostansiyası - Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM belə yarandı. Bununla yanaşı mayın 28-də ANS-in öz müstəqil ötürücüsü və tezliyi oldu!
"Azərbaycanın 1 nömrəli radiostansiyası estrada ulduzlarının iştirakı ilə möhtəşəm konsert keçirdi"
Yasamal rayonu ərazisində yerləşən parkda təşkil edilən bayram konserti saat 20:00-da başlayaraq gecə saatlarınadək davam edib. Konsertin aparıcıları ANS ÇM radiosundan yaxşı tanıdığınız Fəridə Abdullayeva və Vəfa Rəsulova idi. Tədbirdə iştirak edən şou-biznes müğənniləri konsert iştirakçıları üçün özlərinin ən sevilən mahnılarını ifa ediblər. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.




















Sevərək dinlədiyimiz ulduzlar ANS ÇM təbrik etdi
Konsertdə çıxış edən populyar müğənnilər Samirə, Murad Arif, Xəyyam Nisanov, Sevda Yəhyayeva, İlhamə Qasımova, gənclərin sevimlisi Mina və xalq artisti Gülyaz Məmmədova gözəl musiqiləriylə ora toplaşanları coşdurub. Azərbaycanın tanınmış Dj-i Çingiz Mustafayevin (DJ Çina) öz musiqiləri ilə tamaşaçılar arasında canlanma yaradıb. Daha sonra xalq artisti Nazpəri Dostəliyeva səhnəyə çıxaraq öz musiqiləri ilə tamaşaçıları sevindirib. Konsertə xalq artisti Faiq Ağayev gözəl ifası son verib. Konsert Azərbaycan himni ilə başa çatıb.

"Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik"
Qafqazın ilk FM stansiyası olan, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiostansiyası qeydiyyatdan ANS TV ilə birgə 1992-ci ilin mart ayının 9-da keçsə də, efir fəaliyyətinə 28 may 1994-cü ildə başlayıb. ANSPress.com portalının əməkdaşları da ANS ÇM -dəki həmkarlarını əlamətdar gün münasibəilə təbrik edirlər.