Sabah Azərbaycan opera sənətinin incisi, xalq artisti Xuraman Qasımovanın doğum günüdür. Azərbaycanda operasevərlər uzun illər bu sənətçinin uğurlarının addım-addım izləyiblər və bu gün də izləməkdədirlər. Onun Vətən qarşısında xidmətləri böyükdür, ölkəmizi hər zaman uğurla təmsil edən Xuraman Qasımova dünya səviyyəli müsabiqələrdən daim mükafatlarla geri dönüb.
ANS PRESS-in məlumatına görə, 1977-ci ildə Qasımova gənc vokalçıların Cənubi Qafqaz və Ümumittifaq müsabiqəsinin mükafatçısı olub. O, 1981-ci ildə Yunanıstanda Beynəlxalq müsabiqədə iştirak edərək birinci mükafat və "Qran pri" - qızıl medal qazanıb. 1982-ci ildə Qasımova P.İ.Çaykovski adına Beynəlxalq müsabiqənin laureatı olaraq ikinci yeri tutub və gümüş medal qazanıb. Qasımova tez-tez Sovet İttifaqının respublikaları və xarici ölkələrə qastrol səfərləri edib. Onu Avstriya, İtaliya, Fransa, Yunanıstan, Portuqaliya, Norveç, ABŞ, Çin, Misir, Kuba, Türkiyə, Almaniya və s. ölkələrdə alqışlayıblar. O, Opera Teatrının səhnəsində dünya, rus və Azərbaycan klassiklərinin musiqilərini uğurla ifa edib

1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olan Xuraman Qasımova “Sevil və dilbər”, “Nigar”, “Dezdemona”, ”Aida” və digər partiyaları ifa edib. Bir çox beynəlxalq mükafatlara layiq görülüb. 1986-cı ildə Azərbaycanın xalq artisti, 1999-cu ildə Azərbaycanın “Şöhrət” və 2011-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.
Xalq artisti "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" kimi kinofilmlərə də çəkilib. Kinoşünaslar onun aktyorluq qabilliyyətini yüksək qiymətləndirirlər. "Azərbaycanın xalq artisti Xuraman Qasımova yaratdığı kino obrazlarında özünü o qədər yaxşı göstərib ki, çoxları onun opera səhnəsinə gedişini Azərbaycan kinematoqrafiyası üçün itki hesab edirlər. O, kinoda öz rollarını o qədər aydın oynayıb ki, ona böyük karyera vəd edilib", - deyə kinotarixçi Aydın Kazımzadə bir neçə il öncə bildirmişdi.

Xuraman Qasımova 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir və opera sənətinin sirlərini Azərbaycanın gənclərinə öyrədir.
Xuraman xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, gözəllik arzulayırıq!
Müsiqi mədəniyyətimizi layiqincə təmsil edən Xuraman Qasımova ANS TV-yə mühasibəsində təbriklərin onu çox sevindirdiyini bildirib: "Bu gün mən çox insanlardan təbriklər alıram. Deyilən gözəl sözlər məni çox sevindirir. İctimaətimiz də, yaradıcı insanlar da, TV şirkətləri də müraciət edir. Konsertlərimizi nümayiş etdirirlər. Bizim haqqımız da verilişlər verirlər. Çünki iyun ayının əvvəli həm mənim, həm də Fidan xanımın adı ilə bağlıdır. Biz hər ikimiz əkizlər bürcüyük."