Axşam.az AzərTac-a istinadən “O səs Türkiyə” yarışmasından tanına Leyla Rəhimova ilə müsahibəni təqdim edir.

-Əvvəlcə təhsiliniz, musiqiyə marağınız barədə məlumat verərdiniz?

-20 ildir ki, sənətdəyəm. Hələ uşaq yaşlarımdan bu sahəyə həvəsim olub. Özümü hər zaman sınamışam. Uğurlu çıxışlarım yetərincə olsa da populyarlıq durumum məni qane etmir. Düşünürəm ki, bu istiqamətdə hələ çox işlər görməliyəm. Bülbül adına orta ixtisas musiqi məktəbində, xalq artisti Arif Babayevin sinfində təhsil almışam. Hazırda musiqi təhsilimi davam etdirirəm.

-“O səs Türkiyə” sizi daha çox tanıtdı. Necə oldu ki, bu yarışmaya qatıldınız?

-Bəli, sözügedən proqramda çıxışım uğurlu alındı. Bu proqramda özümü sınamağı çoxdan fikirləşirdim. Qarşıma məqsəd qoydum və 2015-ci ildə istəyimi reallaşdırdım. Etiraf etməliyəm ki, yarışmadakı ifamdan sonra daha çox tanındım. Həmçinin, Türkiyənin başqa televiziya proqramlarında da uğurlu çıxışlarım olub.

-Daha çox hansı sənətkarlardan bəhrələnirsiniz?

-Çalışıram ki, bütün sənətkarlarımızı dinləyim, onlardan faydalanım. Üzərimdə işləməyi xoşlayıram. Pərəstişkarı olduğum və uşaqlıqdan sevə-sevə dinlədiyim ifaçılar çox olub. Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Alim Qasimov kimi böyük sənətkarlarımızın sənət yolu mənim üçün örnəkdir. Hazırda bütün janrlarda oxuyuram. Daha çox repertuarımda türk mahnıları üstünlük təşkil edir.

-Qarşıdakı planlarınız?

-Ən əsası yeni mahnılar üzərində işləməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə işlərimi davam etdirməliyəm. Lakin bununla yanaşı daha bir mühüm məsələ də var ki, sənətin sirlərini yaxşı mənimsəmək. Yaxşı ifaçı olmaq üçün gərək Azərbaycan musiqi tarixinə bələd olasan, sənətdən baş çıxarasan, ən əsası isə öz üzərində çalışasan. Bu vaxta kimi 2 albomum çıxıb. Hazırda yeni mahnılar, kliplər üzərində iş gedir və vaxtı çatanda bu barədə geniş məlumat verəcəyəm. Ən başlıca arzularımdan biri beynəlxalq aləmdə milli musiqimizi təbliğ etməkdir.