Türkiyədə Yanvar deməzlər, Ocaq deyərlər. Ona görə də burada Vahid Mustafayevin “Qanlı yanvar” filmi “Qanlı ocaq” kimi təqdim olunurdu. Afişalar da elə hazırlanmışdı ki, sanki hər yerdə bir qırmızı ocaq yanırdı. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayev Türkiyə tamaşaçısı üçün yeni deyildi. Burada onu məşhur “Xoca” filmindən tanıyırlar. Ona görə də Vahidə bəzən elə xocam da deyirdilər və etiraf edim ki, dostuma belə müraciət forması mənim çox xoşuma gəlirdi. “Qanlı Yanvar”ın İstanbulun mərkəzində baş tutan Qala-sının mötəbər bir kontingenti var idi. Ən nüfuzlu iş adamları, yerli incəsənət və mədəniyyətçilər… Bir sözlə təşkilində “Palmali” Şirkətlər Qrupunun böyük rolu olan Qala-da maraq tıxacı var idi.
“Qanlı yanvar” filmi müstəqillik mübarizəsindən bəhs edir. Bu flmə baxaraq necə mübarizə aparmaq, vətən uğrunda necə döyüşmək lazım olduğunu öyrənmək lazımdır. Mənim anam şəhid anasıdır. Mənim qardaşım Qarabağ müharibəsində şəhid olub. Ona görə də bu filim mənim, o cümlədən də bütün şəhidlərin analarına ithaf olunub”, – deyə “Qanlı yanvar” filminin rejissoru Vahid Mustafayev bildirib.
Vahid Mustafayevin verdiyi cavablar daha çox təhlil xarakteri daşıyırdı. Ona görə ki, nə qədər özümüzü öysək də, orta Türkiyə tamaşaçısı Azərbaycanın ən yeni tarixini səthi bilir, ya da ümumiyyətlə bilmir. Müəllifin vermək istədiyi mesaj da elə bu idi: İki dövlətə bir millətiksə, iki dövlətə bir kədər və iki dövlətə bir sevincimiz olmalıdır. İki dövlətə bir tariximiz də olmalıdır. Türkiyə də bizi bilməlidir. Öyrənməlidir. Necə ki, biz bilirik. Türkiyənin başı harada ağrıyıb, qan təzyiqi nə vaxt düşüb, nə vaxt qalxıb… “Qanlı Yanvar” filminin fevral ayının 26-da göstərilməsinin niyəsi də maraqlı idi. Xocalı faciəsi və 20 Yanvar arasında ilk baxışda əlaqənin olmadığını güman edənlər rejissorun arayışından sonra necə deyərlər əllərinin arxasını yerə qoydular.
Vahid Mustafayev: "Hər şeydən əvvəl bütün türk dünyasının şəhidlərinə mən Allah rəhmət eləsin! demək istəyirəm. Xocalıya hücüm etməkdə əsas məqsəd kiçk bir qəsəbəni əldə etmək deyildi. Tadevosyan adlı bir general bu əməliyyata rəhbərik edib. Sonralar özünün yazdığına görə, onların əsas məqsədləri bundan sonra azərbaycanlıları qorxutmaq və dinc sakinlərin gözlərində bir dəhşət yartmaq olub. Bu səbəbdən də Xocalını işğal edərkən, dünyada görülməmiş vəhşilik törətdilər”.
Müəllif bu filmdə də xalqın azadlıq və müstəqillik yolundan danışır. 1990-cı ilin Yanvar ayının 20-də baş verən hadisələrin xarakter etibarilə 1992-ci il fevral ayının 26-da Xocalıda baş verənlərə çox oxşadığını diqqətə çatdırır. Doğrudan da, hər iki hadisədə ermənilər iştirak edib. 20 Yanvarda köməkçi, 26 fevralda isə artıq aparıcı qüvvə kimi. Hər iki hadisədə Rusiya olub. Birincidə Sovet Rusiyası, ikincidə isə qeyri-sovet Rusiyası şəklində. Qanlı Yanvarın şahidləri həmişə hansısa uzun saç ermənilərin tankların belində Bakıda atəş açdığını söyləyir. Filmin məhz Xocalının işğalı günü nümayiş olunması elə bu rəmziliklə bağlı idi. Azərbaycanın müstəqillik yolunda ən çox itki verdiyi iki qeyri-bərabər döyüşdən biri. 20 Yanvar, 26 fevralın anonsu tək. Amma Türkiyədə Azərbaycanın ən yeni tarixi barədə dediyimiz kimi az bilirlər. Nə qədər ağır olsa da bir həqiqəti bilməliyik ki, burada adi tamaşasıdan soruşanda fevralın 26-sı hansı gündür, o heç vaxt sənə deməz ki, Xocalı günü. O sənə deyəcək ki, Fevralın 26-sı ya Baş Nazir Əhməd Davudoğlunun ad günüdür, ya da dövlət başçısı Rəcəb Tayyib Ərdoğan. Doğrudan da hansı dövlət öz liderlərinin ad gününü matəmə salar?! Amma Vahildin ustalığı da elə bunda oldu ki, o məhz bu dövlətin prezidentinə və baş nazirinə məsaj verdi ki, nə qədər ki, belə matəm günləri var, ad günləri təntənəli olmur. Filmdə baş rollardan birini ANA-nı yaradan Nəbahət Çehrə öz tamaşaçılarına tövsiyə edirdi ki, serial və ucuz komediyalarla zövqünü korlamasın. Həyat bir, tarix isə başqa bir şeydir. Düzdür hər ikisində yaşıyırsan. Amma birində bu gün, digərində isə əbədi. Bax elə buna görə də Nəbahət xanım “Qanlı yanvar" filmində çəkildiyini qürurla söylədi. Mən filmi təhlil etmək niyyətindən çox uzağam. Bunu vaxtı çatanda təbii ki, edənlər olacaq. Amma bir fakt artıq göz qabağındadır. Bu film də hər bir bədii məhsul kimi ruhi qidadır. Yəni onu tamaşaçıların süfrəsinə təqdim edən müəllif tamaşaçısını qidalandırır. Bu qidanı kimisi şükranlıqla qəbul edir, yəni hazırlayana təşəkkür, Allaha isə şükrlər edir. Bu adam yanaşmasıdır. Bir də var, it kimi qidalanır, qidalandıqca mırıldayır, hətta hürür. Bax bu isə it yanaşmasıdır.
“Qanlı yanvar” filminin daha bir ekskülüziv xidməti var. Bu xidmətin nə olduğu barədə bir neçə saniyə sonra. Amma indi sizə bir sual verim. Sizə elə gəlmirmi bəzi yerlərimizlə biz artıq ermənilərə oxşamağa başlamışıq. Xoşumuza gəlir, etiraf edək. Ay bizi belə öldürdülər, belə yandırdılar, belə qovdular… anamızı belə ağlatdılar… Elə bil istəyirik ki, özümüzü, bizi hər yerdə cəfakeş millət kimi tanısınlar, bizə acısınlar, bizə ağlasınlar… Yadınıza düşmür ki, belə millət ən yaxın tariximizdə artıq olub. Ermənilər. Onla özlərini mnoqostradalnıy adlandıranda biz nə qədər gülmüşük?! İndi bilmirsiz bəlkə bizə də gülən var… Bax “Qanlı yanvar” filminin əsas xidməti Azərbaycan xalqının qəhrəman və döyüşkən olduğuna inandırmaqdır… Elə buna görə də tamaşaçılar sanki yeni Azərbaycan tanıyıb zalı tərk edirdilər… Bu “Qanlı yanvar” filminin müəllifi təkcə Vahid deyildi. Ola bilsin ki, titrlərdə adları yox idi, amma müəlliflər sırasında Atilla da var idi… Əmir Teymurda, Cavanşir də Çingiz Mustafayev də. Xalq öz döyüşçülüyündən utanmamalıdır. Amma biz utanırıq. Əgər belə olmasaydı, partbiletini 20 yanvarda vanka stankaya çevirənlər hər dəfə qürur duymalı olduğumuz Qırmızı Günlərdə and-aman etməzdilər ki, vallah vuruşmamışıq, billah əlimizdə silah olmayıb, Allaha and olsun ki, bizi qırıblar, döyüblər, heyvan yerinə qoyublar… Bax “Qanlı yanvar” buna görə böyük filmdir ki, o millətə qaranı yox, qırmızını sevdirir, amma qərənfil şəklində yox, qan rəngində…
İnsan çox qəribədir. Yaş sağlığı və baş sağlığı arasında yaşayırıq. Yaş sağlığı, yəni yaş günlərində deyilən tostlardı, baş sağlığında ki, bilirsiniz. Ən maraqlısı da budur ki, bəzən yaşın və başın heç birinin sağlığa ləyaqəti çatmır. Buna görə də hər dəfə səfehcəsinə soruşuruq. Nə baş verir. Amma məsələ nəyin yox, kimin baş verməsindədir. Bu torpaq üçün baş verənlərə, başını verənlərə salam olsun.
Mənbə
HESABAT: Mir Şahin