Əbu Turxan deyirdi ki: "Şüurlu varlıq olduğu üçün insan yer üzünün əşrəfi sayılır. Göy üzünə isə o yalnız şüurundan azad olarkən yüksələ bilər". Bu fikri şərh etmək həvəsində deyiləm, amma tamamilə fərqli aspektdən, fərqli prizmadan bu dəyərli fikri dekonstruksiya etmək istəyirəm. Ümid edirəm, inciməzsiniz.
Mən deyirəm ki: "Şüurlu insan yer üzünün əşrəfidir. Ağıldan kəm, şüursuz insan isə özünü bir anda yerin dibinə soxa bilər".
Yəni, insan yaradılış olaraq bütün məxluqatdan üstündür, çünki ona ağıl, şüur verilib. Və insan bu verilənlərdən istifadə edə bilmirsə, heyvandan da aşağı vəziyyətə düşür. Allah qorusun!
Sizi bu iki fikirlə, aforizmlə baş-başa buraxıb, keçirəm yazının mabədinə.
***
Ölkəmizin təbii şəraiti o qədər əlverişlidir ki, ölkədə hər cür ot-alaq, meyvə-tərəvəz, bostan bitkiləri, ağaclar, güllər-çiçəklər yetişir. Qısa bir araşdırmadan sonra məlum oldu ki, ölkəmizdə qanqalın 7-8, xiyarın isə 25 növü yetişir. Yenə yazının mabədinə keçə bilmədim. Amma bu söhbətlərin də yazıya birbaşa olmasa da dəxli var.
***
Bir yazıda həm fəlsəfədən, həm coğrafiyadan, həm də botanikadan danışdığıma görə üzr istəyirəm. Başa düşürəm ki, hər kəsin bildiyi işlə məşğul olması daha tərbiyəli və məqsədəuyun davranışdır. Siz allah, gəncliyimə bağışlayın məni.
Ölkəmizdə öz bildiyi işlə məşğul olmayan yüzlərlə adam var. Məsələn, ölkədə elə adamlar var ki, hamı elə bilir ki, siyasətçidir, amma siyasətçi deyil. Düz tapdınız, biri elə Hafiz Hacıyev. Keçən il kişilərin "şortik" geyindiyini şərh edən siyasətçi bu il Milli Şuranın keçirmək istədiyi mitinqi şərh edərkən "rezki" oğlanların sırğa taxmağını da şərh edib. Ha illah elədimsə bu iki mövzu arasında heç bir əlaqə qura bilmədim və mənə elə gəldi ki, müəllim xəstələnib, psixoloji müvazinətini itirib.
Hafiz Hacıyevin kimliyi, şəxsiyyəti, ictimai mövqeyi barədə uzun-uzadı şərh vermək istəməzdim. Sadəcə partiya sədri olduğunu düşünən bu insanın açıqlamasına diqqət edək: "Kişi sırğa taxmaz. Onlar özlərinə oğlan cəlb etmək üçün bu yola əl atırlar. Hesab edirəm ki, sırğa taxan oğlanlar geydirlər. Azərbaycanda belələri çoxdur. Onlar cinsi azlığa məxsus insanlardır. Xaricdə də qulağına sırğa taxan oğlanları hamısı "mavi"lərdir".
Bu mənasız açıqlamaya şərh vermək fikrindən uzağam. Əslində kənd yerində yaşadığım üçün, bildiyim türkəçarə reseptlərdən tövsiyə etmək üçün bu yazını qələmə almışam. Bir vətəndaşın narahatlığı kimi də qəbul edə bilərsiniz. Hafiz Hacıyevə tez sağalması üçün kiçik bir resept verə bilərəm, bir yurddaş kimi ona ürəyim ağrıdı.
Sadə müalicə kursudur: Hər gün acqarına xiyar turşusu ilə şirinçay, günortalar təzə əvəliyi qaynadıb suyunu gözlərinə çəkmək, axşamlar isə yatmamışdan əvvəl, ötən il mənim milli.az-da çap olunmuş "Yaxşı oğlanların sırğa taxmağı" adlı yazımı 125 dəfə oxumaq. Bir aya Hafiz müəllimin səhhətində ciddi dəyişiklik olacaq.
İnşallah, müəllim təzliklə şəfa tapıb, sağlamlığına qovuşar.
Bu ağılla, bu təfəkkürlə, bu düşüncəylə siyasətlə məşğul olub uğur azanmaq arzusunda olmaq absurddur. Müalicədən sonra irəliləyiş olsa, bir müddət təmiz havada gəzib, təbiət qoynunda dincəlib, beyninə bol-bol oksigen qəbul edib, yaşamağa davam etmək olar. Amma yenə də, siyasətlə məşğul olmamağı məsləhətdir.
***
Yazıdan heç nə anlamadınızsa, Hafiz Hacıyevin fəaliyyətini yaxından izləyin. Sağ olun, sağlam olun!
Cəlil Cavanşir
Milli.Az