Ermənilərin nazı ilə hələ çox oynayacaqlar? - VİDEO

Ermənilərin nazı ilə hələ çox oynayacaqlar? - VİDEO
18:22 10 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Futbol Federasiyası UEFA-nın Avropa təsnifat turnirləri ilə bağlı tələbinə yenidən saymazyana münasibət göstərib. 

Milli.Az sportnet.az-a istinadən bildirir ki, ölkə yığmasının İrəvanda Rumıniya ilə keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçında SOCAR və Türk Hava Yollarına məxsus reklam banneri meydanın kənarında nümayiş etdirilməyib. UEFA hələ 2016-cı il Avropa çempionatının seçmə mərhələsindən etibarən bütün təsnifat oyunlarında tərəfdaşlıq etdiyi şirkətlərin bannerlərinin yerləşdirilməsinin vacibliyini bəyan edib. Lakin Ermənistan tərəfi meydanın kənarında nə Azərbaycan, nə də Türkiyə şirkətinin nümayişini təmin edir. Halbuki, yalnız bu ölkə istisna olmaqla, UEFA-ya üzv olan qalan 54 dövlətin ərazisindəki oyunlarda bütün tərəfdaş şirkətlərin reklamları sərgilənir.
 
Sportnet.az-ın araşdırması nəticəsində məlum olub ki, Ermənistan tərəfi UEFA tələbinə saymazyana münasibəti hələ AVRO-2016-nın seçmə qrup mərhələsindən etibarən büruzə verməyə başlayıb. Bu ölkənin Serbiya (1:1), Portuqaliya (2:3), Danimarka (0:0) və Albaniya (0:3) yığmaları ilə İrəvandakı Respublika stadionunda keçirdiyi qarşılaşmalarda "SOCAR Energy of Azerbaijan" və "Turkish Airlines" bannerləri nümayiş etdirilməyib.
 
Bu məsələ hələ iki il öncə AVRO-2016-nın seçmə tsiklindən öncə də diqqət mərkəzində olub. Həmin vaxt SOCAR Ermənistan tərəfinin oyunlar zamanı Azərbaycan şirkətinin bannerinin stadionda nümayişini təmin etməyə borclu olduğunu bildirib. Amma Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan guya UEFA ilə danışıqlar apararaq, SOCAR bannerinin İrəvandakı oyunlarda qoyulmamasına dair razılıq aldıqlarını bəyan edib. UEFA-nın özü isə nə birbaşa, nə də 1news.az saytının sorğusuna cavab olaraq, məsələyə münasibət bildirib. Həmin vaxt qitə futbol qurumunun prezidenti fransalı Mişel Platini olub. UEFA-nın yeni prezidenti Aleksandr Çeferinin Ermənistan tərəfinin özbaşınalığına necə reaksiya verəcəyi maraq doğurur.   
 
Rumıniya ilə görüş Ermənistan üçün DÇ-2018-in seçmə qrup mərhələsində ilk ev matçı olub. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, iş günü olmadığından, məsələ ilə bağlı SOCAR və UEFA-dan münasibət öyrənmək cəhdləri alınmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR